media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, bütövlükdə regionda proseslərin inkişaf istiqamətini müəyyənləşdirəcək əsas hadisələrdən biri hesab olunur.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, seçkilərdə bir tərəfdə Baş nazir Nikol Paşinyan, digər tərəfdə isə revanşist mövqeyi ilə seçilən Robert Köçəryan və Samvel Karapetyan dayanır. Təhlilçi bu qüvvələri şərti olaraq “sülh” və “antisülh” cəbhələri kimi xarakterizə edir.

Asif Nərimanlının fikrincə, Paşinyanın hakimiyyətdə qalması regional sülh kontekstində Azərbaycanın maraqlarına daha uyğun görünür. Onun sözlərinə görə, bu halda Ermənistanla normallaşma prosesi davam etdirilə, yeni konstitusiya ilə bağlı referendum keçirilə və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina oluna bilər.

Təhlilçi hesab edir ki, rəsmi Bakının əsas tələblərindən biri olan konstitusiya dəyişikliyi baş verərsə, yekun sülh sazişinin imzalanması üçün də real imkan yaranacaq. O, həmçinin regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı perspektivlərin də güclənəcəyini düşünür.

Asif Nərimanlı qeyd edir ki, sülh prosesinin yekunlaşması Ermənistanın özünün də gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, Paşinyan hakimiyyəti bunu anladığı üçün sülh gündəliyində israrlı davranır.

Siyasi təhlilçi revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda isə bölgədə risklərin artacağını vurğulayır. O bildirir ki, Köçəryan və Karapetyanın təmsil etdiyi düşərgə seçki kampaniyasını qondarma “artsax” ideyası üzərində qurmağa çalışsa da, Qarabağ məsələsi artıq bağlanmış hesab olunur və bu istiqamətdə real nəticə əldə etmək imkanları görünmür.

Bununla belə, Asif Nərimanlı revanşistlərin ritorik səviyyədə Qarabağ mövzusunu gündəmdə saxlayaraq regionda geosiyasi gərginliyi artırmağa çalışacaqlarını düşünür. Onun sözlərinə görə, bu qüvvələrin “ədalətli sülh müqaviləsi” barədə verdiyi mesajlar da yeni eskalasiya risklərindən xəbər verir.

Təhlilçi hesab edir ki, revanşistlərin hakimiyyətə gəlməsi sülh prosesini ciddi şəkildə ləngidə, sərhədlərin delimitasiyası prosesini dayandıra və Zəngəzur dəhlizinin açılmasını əngəlləyə bilər. Bu isə təkcə Bakı-İrəvan münasibətlərinə deyil, ümumilikdə regionun təhlükəsizlik mühitinə mənfi təsir göstərəcək.

Asif Nərimanlı diqqətə çatdırır ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar da mümkün risklərə hazırlığın göstəricisi kimi qiymətləndirilə bilər. Təhlilçi dövlət başçısının “Ermənistan xalqının başının dərddə olacağı” barədə fikirlərinin həm Ermənistan cəmiyyətinə mesaj, həm də Bakının mümkün ssenarilərə hazır olduğunun nümayişi olduğunu deyir.

Onun sözlərinə görə, revanşistlərin hakimiyyəti dövründə Ermənistanın əsas tərəfdaşları sırasında ABŞ və Avropa İttifaqının yerini daha çox Rusiya və İran ala bilər. Təhlilçi hesab edir ki, Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin və sülh prosesinin risk altına düşməsində maraqlı deyil.

Asif Nərimanlı vurğulayır ki, sülh gündəliyinin dağılması Ermənistanı yenidən regional təcrid vəziyyətinə sala və sərhəddə yeni qarşıdurma ehtimalını artıra bilər. Onun qənaətincə, revanşistlərin təhdidlərinə qarşı Azərbaycanın sərt addımlar atması ehtimalı da istisna edilmir.

Siyasi təhlilçi yekunda bildirir ki, Ermənistanda 7 iyun seçkiləri region üçün ya “sülh dövrü”, ya da “sülh uğrunda mübarizə” mərhələsinin başlanğıcı olacaq.

Vural


media-adspc

Bənzər xəbərlər