media-media-pasinyan-putin-esqu0g

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə, Yaxın Şərqdəki gərginlik və Ermənistanın xarici siyasət kursu ilə bağlı diqqətçəkən mesajlar verib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə son görüşündə səsləndirdiyi fikri yenidən təkrarlayaraq İrəvana açıq xəbərdarlıq edib. Kremlin sahibi Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüklə Avropa İttifaqına inteqrasiya kursu arasında seçim etməli olduğunu vurğulayıb.

Elxan Şahinoğlunun sözlərinə görə, Putin bu dəfə əvvəlki açıqlamalarından fərqli olaraq iki mühüm əlavə də edib. Rusiya Prezidenti qeyd edib ki, Ermənistan Avropa istiqamətini seçərsə, Moskva ilə “yumşaq və mədəni ayrılıq” baş verə bilər. Bundan başqa, Putin Paşinyana Avropa inteqrasiyası məsələsi ilə bağlı referendum keçirməyi də təklif edib.

Siyasi şərhçi hesab edir ki, Putin bu açıqlamalarla təkcə Paşinyana deyil, erməni cəmiyyətinə də mesaj göndərib. Onun fikrincə, Kreml Ermənistanın Avrasiya İqtisadi İttifaqında ciddi iqtisadi üstünlüklər əldə etdiyini xatırladaraq erməni cəmiyyətinə mümkün nəticələri göstərməyə çalışır. Şahinoğlu bildirib ki, Putin bunu açıq şəkildə ifadə etməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılması ehtimalını da nəzərdə tutur.

Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusiyada dəyişiklik etməyə, Azərbaycanla sülh sazişi imzalamağa və Türkiyə ilə sərhədlərin açılmasına çalışacaq. Onun sözlərinə görə, bununla paralel olaraq “Tramp yolu” layihəsinin icrasına da başlanması planlaşdırılır.

Şərhçi əlavə edib ki, Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəsə də, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzv olması real görünmür. “Bunu həm Paşinyan, həm də Putin anlayır. Məhz buna görə Kreml ‘seçim et’ tələbi ilə Paşinyanı daha çox sıxışdırmağa və bu yolla Ermənistandakı radikal müxalifətin mövqeyini gücləndirməyə çalışır”, – deyə Elxan Şahinoğlu bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər