Ermənistanda gürcü abidələri təhlükədə: Qədim kitabələr niyə qorunmur?
Ermənistan ərazisində yerləşən bir sıra qədim gürcü monastırları və kilsələrinin vəziyyəti, onların tarixi-mədəni mənsubiyyəti və qorunması məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Ermənistan ərazisində gürcü xalqının tarixi-mədəni irsi hesab edilən çoxsaylı abidələr mövcuddur. Onun sözlərinə görə, Kobayr, Svreqi, Axtala, Xnevanki və Kirants kimi monastırların vəziyyəti, eləcə də bu abidələrə gürcü pravoslav icmasının çıxışı ilə bağlı ciddi suallar qalmaqdadır.
Zaur Əliyevin fikrincə, sözügedən kilsələrdə pravoslav ayininə uyğun liturgiyaların keçirilməsinə imkan verilməməsi də mübahisəli məsələlərdən biridir. O qeyd edib ki, bəzi abidələrdə gürcü freskalarının və qədim gürcü əlifbası ilə yazılmış kitabələrin vəziyyəti də narahatlıq doğurur.
Alimin sözlərinə görə, ayrı-ayrı hallarda tarixi abidələr baxımsız vəziyyətdə qalır, bəzi tikililər isə uzun müddət təsərrüfat məqsədləri üçün istifadə olunub. O, bunun həmin abidələrin fiziki qorunmasına ciddi zərər vurduğunu bildirib.
Zaur Əliyev xüsusilə Lori bölgəsində, Tumanıyan şəhəri yaxınlığında, Debed çayının yaratdığı dərənin kənarında yerləşən Kobayr monastır kompleksinin vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, XII–XIII əsrlərə aid kompleks memarlığı və orta əsr divar rəsmləri ilə seçilir.
“Bu abidənin əsas xüsusiyyətlərindən biri burada qorunub qalmış orta əsr freskalarıdır. Freskaların Bizans-Gürcü xalkidonçu ikonografiyası ilə əlaqəsi barədə elmi ədəbiyyatda müxtəlif yanaşmalar mövcuddur”, – deyə Zaur Əliyev bildirib.
O əlavə edib ki, Kobayr kompleksinin əsas kafedralında XII–XIII əsrlərə aid olduğu ehtimal edilən freskaların mühüm hissəsi hazırda açıq hava şəraitinin təsirinə məruz qalır. Onun sözlərinə görə, günbəz və dam örtüyünün dağılması nəticəsində divar rəsmlərinin mühafizəsi daha da çətinləşib.
Zaur Əliyev qədim yazıların da məsələnin mühüm hissəsi olduğunu vurğulayıb. O bildirib ki, kompleksdə gürcü əlifbasının qədim formalarından olan asomtavruli ilə yazılmış kitabələr mövcuddur və həmin yazılarda kilsə həyatı, ruhani şəxslər və dövrün hakim sülalələri ilə bağlı məlumatların yer aldığı bildirilir.
“Abidənin tarixinin araşdırılmasında yazılı mənbələr xüsusi əhəmiyyət daşıyır. Buna görə də daş kitabələrin qorunması və sənədləşdirilməsi mühüm məsələdir”, – deyə alim qeyd edib.
Onun sözlərinə görə, Kobayr və digər monastırların tarixi mənsubiyyəti ilə bağlı Ermənistan və Gürcüstan tərəflərinin yanaşmaları bir-birindən fərqlənir. Gürcü Pravoslav Kilsəsinin mövqeyində bəzi abidələr gürcü monastırları və gürcü mədəni irsi kimi təqdim olunur. Ermənistan Apostol Kilsəsi və erməni tarixşünaslığında isə həmin abidələrin erməni xalkidonçularının fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində yanaşmalar mövcuddur.
Zaur Əliyev bildirir ki, XIII əsrdə Lori və ətraf bölgələrdə xalkidonçuluğun yayılması məsələsi elmi müzakirələrdə xüsusi yer tutur. Onun fikrincə, bəzi erməni tarixçilərinin “xalkidonçu ermənilər” konsepsiyası gürcü dilindəki kitabələrin və gürcü kilsə ənənəsinin izahında mühüm rol oynayır.
“Burada əsas məsələ yalnız abidənin hansı xalqın adına yazılması deyil. Əsas məsələ tarixi mənbələrin, kitabələrin, freskaların və memarlıq xüsusiyyətlərinin obyektiv şəkildə araşdırılması və qorunmasıdır”, – deyə Zaur Əliyev vurğulayıb.
Alim hesab edir ki, abidələr üzərindəki yazıların zədələnməsi, silinməsi və ya bərpa prosesləri zamanı orijinal elementlərin itirilməsi ilə bağlı hər bir iddia müstəqil şəkildə araşdırılmalıdır. Onun sözlərinə görə, belə halların qarşısını almağın ən düzgün yolu beynəlxalq ekspertlərin iştirakı ilə şəffaf sənədləşdirmə və konservasiya işlərinin aparılmasıdır.
Zaur Əliyev həmçinin Gürcüstan Pravoslav Kilsəsinin mövqeyinə dair sualların olduğunu bildirib. Onun fikrincə, Gürcüstanın müxtəlif ölkələrdəki xristian irsi ilə bağlı məsələlərə münasibəti arasında fərqlərin yaranması ictimai müzakirə tələb edir.
“Azərbaycanla bağlı məsələlərdə kəskin mövqe nümayiş etdirən Gürcüstan Pravoslav Kilsəsinin Ermənistan ərazisindəki gürcü abidələrinin vəziyyətinə eyni səviyyədə diqqət göstərməməsinin səbəbləri izah edilməlidir. Burada siyasi və geosiyasi amillərin rolunun olub-olmaması ayrıca araşdırılmalıdır”, – deyə Zaur Əliyev bildirib.
Alim hesab edir ki, Kobayr, Axtala, Kirants və digər mübahisəli abidələrin gələcək taleyi yalnız Ermənistan və Gürcüstan arasında mübahisə predmeti kimi deyil, ümumilikdə Cənubi Qafqazın çoxqatlı xristian irsinin qorunması məsələsi kimi nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, əsas məqsəd abidələrin etnik və siyasi mübahisələrdən kənar şəkildə qorunması, mövcud kitabə və freskaların beynəlxalq standartlara uyğun sənədləşdirilməsi və tədqiqatçılar üçün əlçatanlığının təmin olunması olmalıdır.
Əli Fərhad









