media-1624168278404241256_1200x630

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi ritorika daha da sərtləşir və hakimiyyətlə müxalifət arasında ziddiyyətlər dərinləşir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını artıq gizlətmirlər.

Onun sözlərinə görə, seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində “Tramp yolu”nun Ermənistana gəlir gətirməyəcəyini iddia edib.

Şərhçi qeyd edib ki, radikal dairələrlə əlaqəli media resursları da oxşar mövqedən çıxış edərək, Yaxın Şərqdə baş verən hadisələr fonunda bu layihənin reallaşmasının sual altında olduğunu iddia edirlər. Həmin iddialarda Vaşinqtonun layihəyə marağının azaldığı və Avropa İttifaqının bu təşəbbüsə qarşı olduğu vurğulanır.

Elxan Şahinoğlu isə bu arqumentlərin reallığı əks etdirmədiyini düşünür. Onun fikrincə, sözügedən nəqliyyat dəhlizi ilə daşınacaq yüklərin əsas istiqaməti məhz Avropa bazarlarıdır və bu səbəbdən layihənin əhəmiyyəti qalmaqdadır.

Siyasi şərhçi əlavə edib ki, Nikol Paşinyan parlamentdəki çıxışlarında rəqiblərinə konkret suallar ünvanlamalıdır. Bu suallar arasında Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına münasibət, Azərbaycandan yanacaq idxalı, Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınması və iki ölkəni birləşdirən nəqliyyat xətlərindən imtina məsələləri yer almalıdır.

Onun qənaətinə görə, bu suallar müxalifətin real mövqeyini üzə çıxarmaqla yanaşı, seçki kampaniyasında ictimai müzakirələrin daha aydın istiqamətdə aparılmasına da şərait yarada bilər.

Vural


media-adspc

Bənzər xəbərlər