Ermənistanın yeni kursu: Türkiyə ilə əməkdaşlığa doğru
Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artır. Bu prosesdə Ankara da maraqlı tərəf kimi çıxış edir və tərəflər arasında dialoqun dərinləşməsinə dəstək verir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, son dövrlərdə Ermənistan rəsmilərinin Türkiyədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və türkiyəli həmkarları ilə keçirdikləri görüşlər münasibətlərin normallaşmasına yönəlmiş ciddi siqnallardır. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün münbit şəraitin formalaşdığını deməsi də bu kursun davamlı olacağından xəbər verir.
Ekspert qeyd edib ki, gündəmdə əsas məsələlərdən biri Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasıdır və bu məsələ Ankara ilə Bakı arasında koordinasiyalı şəkildə müzakirə olunur. Şahinoğlunun fikrincə, bu proses təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regionda sabitliyə müsbət təsir göstərə bilər.
Elxan Şahinoğlu əlavə edib ki, İstanbulda keçirilən Parlamentlərarası İttifaq toplantısı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Ermənistan parlamentinin sədri Alen Simonyana Türkiyə–Gürcüstan–Azərbaycan formatına qoşulma təklifi də diqqətçəkən addımdır. Onun sözlərinə görə, Simonyanın bu təklifə müsbət yanaşması regionda yeni əməkdaşlıq imkanlarının yarandığını göstərir.
Siyasi şərhçi hesab edir ki, bütün bu prosesləri nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin məhz Ankara və ya İstanbulda imzalanması həm siyasi, həm də geosiyasi baxımdan bütün tərəflər üçün faydalı ola bilər.
Vural









