media-dini-milli_tolerant

Siyasi təhlilçi Azər Rəşidoğlu Azərbaycanın daxilində etnik və dini kimliklər üzərindən qarşıdurma yaratmaq cəhdlərinin ölkənin milli birliyinə təhlükə törətdiyini bildirib.

ERAmedia xəbər verir ki, Azər Rəşidoğlu qeyd edib ki, Azərbaycanın daxilində iki xətt üzrə “atəş açmaq” istəyənlər var – etnik kimliyə və dini kimliyə.

“Türklər buna “nöqtə atəşi” deyirlər. Hədəfi düzgün seçməsən, güllə bir nöqtəyə yox, bütün orqanizmə dəyir”, – deyə o vurğulayıb.

Təhlilçinin sözlərinə görə, Birinci Qarabağ müharibəsi, eləcə də 44 günlük Vətən müharibəsi Azərbaycanın vahid orqanizm olduğunu bir daha göstərib.

“Bu ölkənin türkü də, talışı da, ləzgisi də, avarı da, saxuru da, digər xalqları da eyni Vətənin övladlarıdır. Dünən onlar səngərdə çiyin-çiyinə dayandılar. Lazım gələndə eyni torpaq uğrunda birlikdə öləcəklər”, – Azər Rəşidoğlu bildirib.

O qeyd edib ki, son dövrlərdə türk–talış, türk–ləzgi və digər etnik qarşıdurmalar yaratmağa yönələn cəhdlər təsadüfi deyil.

“Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir. Belə layihələrin arxasında duranlar isə xalqın marağını yox, kənardan verilən sifarişi yerinə yetirən marionetlərdir”, – deyə siyasi təhlilçi vurğulayıb.

Azər Rəşidoğlu problemlərin mövcudluğunu inkar etməyin düzgün olmadığını, lakin onların həlli yolunun cəmiyyətdə nifrət və qarşıdurma yaratmaqdan keçmədiyini bildirib.

“Bəli, problemlər var. Olacaq da. Amma problem var deyə milləti bir-birinə düşmən etmək olmaz. Problem müzakirə ilə həll edilir, nifrətlə yox”, – o deyib.

Siyasi təhlilçi Azərbaycanın qarşılaşdığı digər təhlükəli xəttin dini qarşıdurmaların qızışdırılması olduğunu diqqətə çatdırıb.

“İnancı təhqir edənlər, məzhəb davası qızışdıranlar, şiə ilə sünnini üz-üzə qoyanlar, sekulyarla dindarı düşmən etməyə çalışanlar bilməlidir – siz sadəcə dinə toxunmursunuz, dövlətin şah damarını parçalamağa çalışırsınız”, – Azər Rəşidoğlu bildirib.

O, Azərbaycan cəmiyyətində fərqli etnik və dini kimliklərin bir-birinə qarşı qoyulmasının yolverilməz olduğunu vurğulayıb.

“Mən türk olduğum qədər talışam, ləzgiyəm. Şiə olduğum qədər sünniyəm. Ateistə də düşmən deyiləm. Onun sualı mənim imanımı sınağa çəkirsə, bəzən imanımı daha dərindən anlamağıma da kömək edir. Allah onlardan da razı olsun”, – deyə siyasi təhlilçi qeyd edib.

Azər Rəşidoğlu bildirib ki, hər kəsin inancı və düşüncəsi özünə məxsusdur, lakin fərqli kimliklərin ölkəyə qarşı qarşıdurma vasitəsinə çevrilməsinə yol vermək olmaz.

“Hər kəsin inancı özünədir. Hər kəsin düşüncəsi özünədir. Amma heç kimin fərqli kimlikləri bu ölkəyə qarşı silaha çevirməyə haqqı yoxdur”, – o vurğulayıb.

Təhlilçinin fikrincə, Azərbaycanın dövlətçilik və milli kimlik baxımından əsas simvollarının qarşı-qarşıya qoyulması cəmiyyətin parçalanmasına xidmət edir.

“Bayrağın üç rəngindən ikisinə – türklüyə və İslama qarşı savaş açmaq, açıq danışaq, Azərbaycanı öz simvollarından və öz ruhundan vurmaq cəhdidir”, – Azər Rəşidoğlu bildirib.

O əlavə edib ki, ölkədə türklüyü İslamla, İslamı sekulyarlıqla, talışlığı türklüklə qarşı-qarşıya qoymağa çalışan yanaşmalar cəmiyyətə xidmət etmir.

“Siz müzakirə aparmırsınız. Siz fitnə yaradırsınız. Etnik və dini hissləri qızışdırıb ‘azad fikir’, ‘müzakirə’, ‘tənqid’ adı ilə ölkəni parçalamaq istəyirsiniz. Adını nə qoyursunuz-qoyun. Provokasiyanın adı dəyişmir”, – deyə siyasi təhlilçi sərt mövqe bildirib.

Azər Rəşidoğlu fikirlərini Azərbaycan cəmiyyətinə birlik çağırışı ilə yekunlaşdırıb:

“Azərbaycanın damarlarına atəş açmayın. Çünki bu orqanizmin hər damarında eyni qan dövr edir – AZƏRBAYCAN”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər