media-whatsapp-image-2026-10-14-at-11-20-52

Misirin Nil Deltasında yerləşən Behbeit əl-Hacar bölgəsində aparılan arxeoloji qazıntılar zamanı II Ramzes dövrünə aid mühüm tapıntılar aşkar edilib.

ERAmedia xəbər verir ki, bir evin qarşısında aşkarlanan üzərində yazılar olan daşın ardınca başlanan qazıntılar nəticəsində təxminən 8,5 metr hündürlüyündə olduğu ehtimal edilən nəhəng kral heykəlinin başı, ikinci heykəl və heroqliflərlə örtülmüş qranit blok üzə çıxarılıb.

Kəşf Misirin Qərbiyyə bölgəsində yerləşən Behbeit əl-Hacar kəndində başlayıb. Yerli sakinlərdən biri evinin qarşısındakı öz torpaq sahəsində işləyərkən üzərində yazılar olan daşla qarşılaşıb. O, daşı yerindən çıxarmaq əvəzinə yerli tarixi abidələrin mühafizəsi üzrə səlahiyyətli qurumlara məlumat verib. Bundan sonra ərazidə xilasetmə qazıntılarına başlanılıb. İşlər irəlilədikcə ilk tapılan daşın daha böyük arxeoloji sahənin bir hissəsi olduğu məlum olub.

Qazıntılar zamanı iki böyük kral heykəlinə aid qalıqlar aşkarlanıb. Onlardan birinin başı və heykəlin arxa hissəsinə aid parçalar torpaq altından çıxarılıb. Heykəlin arxa sütunundakı heroqliflərdə II Ramzesin Horus adı olan “Hor Ka Nakht Mery Maat” ifadəsi müəyyən edilib. Bu yazı heykəlin eramızdan əvvəl 1279–1213-cü illərdə hakimiyyətdə olmuş II Ramzesə aid olduğunu təsdiqləyib. Heykəlin başının ölçüləri əsasında aparılan hesablamalara görə, abidənin postamenti ilə birlikdə təxminən 8,5 metr hündürlüyündə olduğu ehtimal edilir.

Eyni ərazidə təxminən 2,40 metr uzunluğunda, nisbətən yaxşı qorunmuş ikinci kral heykəli də tapılıb. Heykəlin ayaqları və postamenti günümüzə qədər gəlib çatmasa da, üz hissəsi və fironların istifadə etdiyi zolaqlı “nemes” baş geyimi aydın görünür. Hər iki heykəlin bir-birinə çox bənzəməsi ikinci əsərin də II Ramzesi təsvir edə biləcəyi ehtimalını yaradıb. Bununla belə, məsələ ilə bağlı hələlik qəti nəticə əldə edilməyib.

İkinci heykəlin təxminən bir metr şimalında çəhrayı qranitdən hazırlanmış, uzunluğu təxminən 1,30 metr olan başqa bir daş blok da aşkar edilib. Onun üzərindəki heroqliflərdə II Ramzesin “Yuxarı və Aşağı Misirin kralı” və “Ra tanrısının oğlu” titullarının yer aldığı müəyyənləşdirilib. Ardıcıl şəkildə üzə çıxarılan bu tapıntılar ərazidə vaxtilə böyük kral abidələrinin mövcud olduğuna işarə edir.

Tədqiqatçılar hazırda heykəllərin ilkin olaraq məhz bu ərazidə yerləşdirildiyini, yoxsa sonrakı dövrlərdə başqa yerdən buraya gətirildiyini müəyyənləşdirməyə çalışırlar. Qazıntıların genişləndirilməsi ilə bölgədə II Ramzes dövrünə aid digər memarlıq tikililərinin olub-olmadığı da araşdırılacaq.

Səlahiyyətli qurumlar ilk daşı aşkar etdikdən sonra ona müdaxilə etməyərək aidiyyəti orqanlara məlumat verən yerli sakinə tarixi irsin qorunmasına verdiyi töhfəyə görə təşəkkür ediblər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər