media-whatsapp-image-2026-10-08-at-04-35-08

media-whatsapp-image-2026-10-08-at-04-35-09

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının zirvəsi.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü region dövlətləri arasında tərəfdaşlığın möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.
Avaza kompleksində keçirilən Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev region ölkələri ilə əməkdaşlığın strateji xarakter daşıdığını və bu əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu vurğuladı. Keçən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olması tarixi qərar kimi qiymətləndirən cənab Prezident bu qərarın qəbulunda Türkmənistanın və şəxsən Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusilə vurğuladı.
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf xətti nümayiş etdirir. Ölkələrarası əlaqələrin inkişafı baxımından artıq beşinci səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi, qarşılıqlı niyyəti əks etdirməklə yanaşı Azərbaycanın regionda siyasi-iqtisadi proseslərdə bərabərhüquqlu iştirakçı statusu qazanmasına imkan yaratmışdır. Bu münasibətlər yalnız siyasi və strateji müstəvidə məhdudlaşmır. Ticari-iqtisadi, nəqliyyat, enerji, təhsil və humanitar sahələri də əhatə edir. Bu əlaqələr xalqlarımız arasındakı dostluğun, mənəvi yaxınlığın bariz nümunəsi kimi qiymətləndirilir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir, qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq möhkəmlənib, qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondların hər birinin kapitalı milyonlarla dollar təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi, yalnız qarşılıqlı ticarəti artırmaq kifayət etmir, birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq zamanın tələbidir. Qarşılıqlı əlaqələrdə Xəzər dənizi amili mühüm rol oynayır. Xəzər ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib əhəmiyyət kəsb edir. Hər iki sahildəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün strateji əhəmiyyət daşıyır. Son illərdə limanlar, hava limanları, dəmir yolları və avtomobil yollarına böyük investisiyalar qoyulmaqla bərabər, Xəzər üzərindən yük tranziti həcmi əhəmiyyətli dərəcədə artıb. Orta Dəhliz üzrə tranzit yüklərin həcmi ötən il 10 faizdən çox, cari ilin səkkiz ayında isə təxminən 20 faiz artıb. Eyni zamanda, Xəzərin dibi ilə optik xətlərinin çəkilməsi işləri də aparılır. Enerji sahəsi üzrə əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan Mərkəzi Asiyadan beynəlxalq bazarlara enerji resurslarının tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmizin ərazisindən keçməklə həcmlər artır və bərpa olunan enerji sahəsində əməkdaşlıq genişləndirilir. Azərbaycan Qazaxıstan və Özbəkistanla birgə yaşıl enerji dəhlizinin yaradılması üzərində əhəmiyyətli iş aparır. Bu layihə regionun enerji sistemlərini tarixdə ilk dəfə birləşdirəcək və yaşıl enerjinin Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar açacaq.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyinin xüsusi əhəmiyyətini vurğulayaraq, Özbəkistan Respublikasının Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etdiyini, Türkmənistan Respublikasının isə Füzuli şəhərində məscid tikməsini xalqlarımız arasında dostluq və qardaşlığın, mənəvi yaxınlığın həmrəylik rəmzi kimi qiymətləndirdi.
Azərbaycanın Mərkəzi Asiya formatında tamhüquqlu iştirakı siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaradır. Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik region ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Bu formatın geosiyasi əhəmiyyəti yalnız enerji və nəqliyyat layihələri ilə məhdudlaşmır eyni zamanda tarixi, mədəni, iqtisadi baxımdan regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Mahir QƏRİBOV,
Tarix üzrə fəlsəfə doktoru

media-whatsapp-image-2026-10-08-at-04-36-42


media-adspc

Bənzər xəbərlər