Faşizm üzərində qələbədən yeni savaşlara – Sabiq deputat nələri AÇIQLADI
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 9 may tarixində təntənəli şəkildə qeyd olunması bu gün də Rusiya tərəfindən geniş şəkildə davam etdirilir.
Milli Məclisin sabiq deputatı Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bu tarix təkcə hərbi qələbə deyil, eyni zamanda bütün sovet xalqlarının birgə iştirak etdiyi ağır tarixi sınağın simvoludur.
Etibar Əliyevin sözlərinə görə, həmin dövrdə “sovet xalqı” anlayışı altında birləşən müxtəlif millətlər, o cümlədən azərbaycanlılar, ukraynalılar və digər xalqlar faşizmə qarşı mübarizədə böyük itkilər verərək tarixi qələbəyə töhfə veriblər.
Sabiq deputat qeyd edir ki, İkinci Dünya müharibəsinin nəticələri və qazanılmış qələbə bu gün fərqli siyasi və hərbi reallıqlar fonunda daha mürəkkəb məna kəsb edir. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda 9 mayın qeyd olunması cəmiyyətdə ziddiyyətli və melanxolik hisslər yaradır.
Açıqlamada vurğulanır ki, müharibə illərində Ukrayna mənşəli hərbçilərin və generalların Sovet ordusunda mühüm rol oynadığı, Berlin əməliyyatı daxil olmaqla bir çox cəbhələrdə ön sırada yer aldıqları tarixi faktlardır. Etibar Əliyev bu reallığın müasir qarşıdurmalar fonunda tez-tez unudulduğunu bildirir.
Etibar Əliyevin qənaətinə görə, xalqların tarixi yaddaşı həm qələbələri, həm də faciələri özündə daşıyan mürəkkəb bir fenomendir. O hesab edir ki, müharibələr nəticəsində formalaşan “qan yaddaşı” nəsillər arasında ötürülərək bəzən yeni qarşıdurmaların psixoloji zəmininə çevrilir və bu, XXI əsrin ən ciddi humanitar problemlərindən biri olaraq qalır.
Vural









