Fələstinə göz yaşı, Naxçıvana isə dron
Kubra Məhərrəmova yazır…
Ümid edirəm ki, dünən baş verən hadisə çoxlarının gözünü açdı. Açmadısa, bundan sonra İran onların gözünə ağac da soxsa, görməyəcəklər.
Nəhayət ki, şiə qardaşlığı, mehriban qonşu nağılının sonuna gəldik.
İran açıq-aşkar bildirdi ki, Naxçıvan ərazisinə dron hücumunu həyata keçirib.
Alçaqlığın pik nöqtəsi odur ki, İran özü hər gün yalandan, manipulyasiya edərək guya Fələstində müharibə zamanı həyatını itirən uşaqlar üçün yas tutur. Onların qisasını alacağını deyir. Amma kamikadze dronunu Naxçıvan məktəbinə yönəldir.
Təbii ki, məqsəd aydındır. Terror aktının həyata keçirtmək.
Açıq mübarizə aparmağı hər kişi bacarmadığı kimi, hər ölkənin də buna hünəri olmur.
Naxçıvana dron hücumunu həyata keçirən İran iki əsas məqsəd güdür. Birincisi terror aktı. Özü də məktəbdə, uşaqlara qarşı. Uşaqlar və qadınlar cəmiyyətin həssas təbəqəsi olduğu üçün onların ölümü də cəmiyyətdə xüsusən ağır qarşılanır. Bu da öz növbəsində cəmiyyəti sarsıdır və panikaya yol açır. İnsanların beyninə yeridilir ki, yaşadığı yer təhlükəsiz deyil.
Bu addım isə başqa bir sual doğurur. İran illərdir özünü qüdrətli və güclü dövlət kimi təqdim edir, vuraram, kəsərəm deyib hədələyir.
Əgər həqiqətən belədirsə, o zaman niyə mübarizəni hərbi obyektlərlə yox, məktəblərlə, uşaqlarla aparır? Deməli İranın qüdrəti də özü kimi riyakarlıqdan və yalandan ibarətdir.
İkinci vacib məqsəd isə Naxçıvanı blokadaya salmaqdır. Heç kimə sirr deyil ki, Naxçıvan 30 il aclığa, qaranlığa, şaxtaya dirəniş göstərib. İstər I Qarabağ müharibəsində, istər II Qarabağ müharibəsində düşmənə baş əyməyib, üstəlik dədəsinə od da qoyub.
1990-cı illərin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan bütün çətinliklərə baxmayaraq ayaqda qalmağı bacarıb, ərazi itkisinə yol verməyib. Bu fakt Naxçıvan əhalisinin dözümlülüyünü və iradəsini açıq şəkildə göstərir.
İranın ən strateji səhvi ondan ibarətdir ki, Naxçıvanı və naxçıvanlıları zəif bilib. Yeri gəlmişkən tarixi məqamı yada salım ki, Naxçıvan Xanlığı Rusiya İmperiyasına tabe olmayan, sona qədər döyüşən xanlıq olub.
Yəni ki, naxçıvanlıları ölümlə qorxutmaq mümkün deyil.
Rejim bu addımı ilə bir daha şərəfsizliyin, nankorluğun dibində olduğunu sübut etmiş oldu. Yəni bundan sonra kim nə qədər çalışsa, şərəfsizlik üzrə çempionluq adını İrandan ala bilməyəcək.
Bununla da İran bir daha sübut etdi ki, nə dövlət kimi şərəfi var, nə də qonşu kimi.
Azərbaycan qonşuluq prinsiplərinə sadiq olmasaydı çoxdan öz ərazisində istədiyi ölkənin hərbi bazasını yaradardı. Zaman-zaman rəsmi Bakıya bu qəbildən xeyli maraqlı təkliflər də gəlib. Lakin rəsmi Bakı hər zaman açıq və dəqiq siyasət yeridib və bildirib ki, Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və olmayacaq.
Rəsmi Bakının əli hər zaman açıq olub. Bununla da qonşusuna qarşı həm silahsız olduğunu, eyni zamanda da dar gündə ona əl tutacağını dəfələrlə sübut edib.
Bunun əksi olaraq İran rejimi qara cübbəsinin altında hər zaman Bakıya tuşlanmış bir xəncər, iki dron, üç raket gizlədib.
Dünən baş verən terror aktından sonra gözlər Ali Baş Komandana yönəldi. Cənab Prezident isə sərt və dəqiq mesajlarla çoxlarını təəccübləndirdi. Onun dünənki çıxışı hələ də dünyanın aparıcı xəbər agentlikləri, ekspertləri tərəfindən təhlil olunur.
Bu barədə fikir bildirənlər isə bir ümumi xətti dəstəkləyir: Cənab Əliyev çox böyük siyasi iradə və mövqe sərgiləyib. Geriyə addımı olmayan, sərt tələblər irəli sürüb.
Aydındır ki, mollanın min oyunu bir yorğan üçündür. Yaddan çıxartmayaq ki, Naxçıvanın geosiyasi mövqeyi region üçün xüsusi əhəmiyyət daşıyır. Türkiyə ilə quru əlaqəsinin mövcudluğu, Zəngəzur dəhlizi layihəsi və Cənubi Qafqazda yeni logistika xətlərinin formalaşması İranı çox ciddi şəkildə narahat edir. İranın “Bakı bizim ərazimizdir” ritorikası həm də bununla əsaslanır.
Lakin İran, mollalar, cübbələr nə deyirsə desin, rəsmi Bakı mövqeyində qətidir və geridönməzdir.
Dünən baş verən hadisə bir daha göstərdi ki, regionda təhlükəsizlik yalnız güclü dövlət və qəti siyasi iradə ilə təmin edilə bilər. Azərbaycan bu gün məhz belə bir mərhələdədir. Dövlətin mövqeyi açıqdır. Ölkənin təhlükəsizliyinə, suverenliyinə yönələn istənilən təhdid cavabsız qalmayacaq. Bunun məsuliyyətini isə Ali Baş Komandan bütünlüklə öz üzərinə götürdü.









