“Fındığın kiloqramını 3 manata sata bilmirik” - Fermerlər qiymətlərdən narazıdırlar
Azərbaycan fındıq istehsalına görə dünyada 3–4-cü yerləri bölüşür. Ölkəmizdə bu məhsulun ən çox becərildiyi bölgələrdən biri də Şəki-Zaqatala iqtisadi rayonudur. Ötən ilə nisbətən bu mövsüm bağlarda bol məhsul yetişsə də, fərdi bağ sahibləri və fermerlər qiymətlərin ürəkaçan olmadığını bildirirlər.
ERAmedia AZƏRTAC-a istinadla xəbər verir ki, ölkəmizin aqrar sektorunda fındıqçılıq xüsusi yer tutur. Hazırda bu məhsulun fəal yığım dövrüdür. Şimal-qərb bölgəsinin əksər rayonlarında olduğu kimi, Oğuzda da insanların əsas gəlir mənbəyini fındıqçılıq təşkil edir. Rayonda 4 min hektardan çox fındıq bağı var və bu il təsərrüfatlarda bol məhsul yetişib.
Son illər bu sahənin dirçəldilməsi, yeni bağların salınması istiqamətində çox iş görülüb, fərdi və fermer təsərrüfatlarına sərmayələr yatırılıb. Lakin builki qiymətlər bağ sahiblərini qane etmir.
Padar kənd sakini Tamella Məmmədova təsərrüfatında fındıq yığımı ilə məşğuldur. O, həm də hər gün bazar qiymətləri ilə maraqlanır, amma mövcud qiymətlərdən razı deyil: “Fındıq yığımının ən aktiv dövrüdür. Bu il bol məhsulumuz var, amma qiymət çox aşağıdır. İndiki halda qabıqlı fındığın kiloqramını 3 manata sata bilmirik”.
Fermer Müşfiq Dadaşovun da ailə gəlirlərinin əsasını fındıqçılıq təşkil edir. O, bol və keyfiyyətli məhsul əldə etmək üçün ilin əvvəlindən sahələrdə aqrotexniki qulluq göstərib. “Fermer olaraq 20 hektara yaxın fındıq bağım var. Bunun 5 hektarı təzə əkilənlər, 15 hektarı isə tam bara düşmüş bağlardır. Məhsuldarlığa gəlincə, bu il keçən illə müqayisədə yaxşıdır. Keçən il məhsul az olsa da, qiymətlər yüksək idi – qabıqlı fındığın kiloqramı 6–8 manat arası dəyişirdi. Bu il isə 2 manat 50 qəpik – 3 manat arasındadır. Müqayisə üçün deyim ki, yaxşı məhsul götürmək üçün ilin əvvəlindən bağlara aqrotexniki qulluq göstərilməlidir. Bu da bizə hər hektar üçün 700–800 manata başa gəlir. Digər tərəfdən, fındığın yığılması üçün işçi qüvvəsi lazımdır. Hazırda 1 kiloqram fındıq 40 qəpiyə yığılır”, – deyə o əlavə edir.
Müşfiq Dadaşov da indiki qiymətlərin sərfəli olmadığını bildirir.
Qeyd edək ki, hazırda Oğuz bazarında qərzəkli fındıq alıcılara 3,5-4,0 manata, qərzəksiz fındıq isə 11-13 manata təklif olunur.
Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşı Azər Vəliyevin də mövzu ilə bağlı fikirlərini öyrəndik. Bildirib ki, bu il havaların qeyri-sabit keçməsi fermerləri xeyli əziyyətə salıb. Məhsulun yetişməsi və keyfiyyətli olması üçün sahələrə xeyli xərc çəkildiyini deyən DAİM-in əməkdaşının sözlərinə görə, hazırkı qiymətlər əsas xərci belə ödəmir.
“Hazırda rayonda 6 min hektar meyvə bağı mövcuddur. Bunun 4375 hektarını fındıq bağları təşkil edir ki, onun da 2300 hektarı bar verəndir. Ötən illə müqayisədə bu il məhsul boldur”, – deyən A.Vəliyev əlavə edir ki, keçən il rayonda 1500 tondan artıq fındıq istehsal olunub. Fermer və fərdi təsərrüfat sahiblərinin il boyu əziyyət çəkdiklərini, bütün aqrotexniki qaydalara əməl etdiklərini vurğulayan DAİM-in əməkdaşı mövcud qiymətlərin onları qane etmədiyini də diqqətə çatdırır.
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, fındığın qiyməti dünya bazarlarına uyğun tənzimlənir: “Bildiyimiz kimi, Türkiyə fındıq ixracına görə liderlərdən biridir. Ötən il bu ölkədə quraqlıq olduğundan dünya bazarlarında qiymətlər yüksəldi. Lakin bu il Türkiyədə, eləcə də ölkəmizdə məhsul boldur. Fındıq boldursa, dünya bazarlarında da qiymətlər ötən ilkinə nisbətən fərqli olacaq”.
İqtisadçı əlavə edib ki, hazırda qiymətlərdə artım müşahidə olunmur, qarşıdakı aylarda ixrac genişləndikcə və satışlar artdıqca qiymətlər də sabitləşəcək.









