Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib
Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
ERAmedia xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamağınız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə böyük sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib.









