media-flora3
media-bant_master

Xalq artisti Flora Kərimova müğənni, Əməkdar artist Elton Hüseynəliyevin efirdə səsləndirdiyi fikirlərlə bağlı sərt açıqlama verib.

ERAmedia xəbər verir ki, sənətkarın sözlərinə görə, hər kəs danışarkən həm məsuliyyətli, həm də vicdanlı olmalıdır.

Flora Kərimova bildirib ki, insanın yaşı, psixoloji durumu və vəziyyəti nəzərə alınmadan efirdə fikir bildirmək doğru deyil.

“Düşünüb danışmaq gözəldir. Vicdanın sızlamadan, insanın duyğularını və durumunu hesaba qatmadan müzakirələr aparmaq mümkündür. Necə ki, bunu edənlər var və edəcəklər də”, – deyə o bildirib.

Xalq artisti sənətinin tənqid olunmasına münasibət bildirərək deyib ki, onun yaradıcılığını müzakirə etmək üçün müəyyən səviyyə tələb olunur:

“Eltonun öz dili ilə desəm, mənim “100 qaymaq mahnım yox, qızıl fonda qalan 400 mahnım” var. Onların heç olmasa birini ustad səviyyəsində oxuya bilən şəxsin sənətimi müzakirə etməyə haqqı çatar”.

Flora Kərimova Elton Hüseynəliyevin açıqlamaya görə üzr istəyə biləcəyini də istisna etməyib:

“Elton bəlkə “elə demək istəməmişdim” deyəcək. Mənəvi gücü çatacaqsa üzr də istəyəcək, istəməsə də problem deyil. Mənim ondan gözləntim yoxdur”.

Buna baxmayaraq, sənətkar gənc həmkarına qarşı şəxsi münasibətinin dəyişməyəcəyini qeyd edib:

“Qismət olsa, qarşılaşsaq, yenə onu öpüb ‘oğlum’ deyərəm. Amma bu dünyadan nigaran köçməyimə səbəb olan təəssüflərimə bir yenisi də əlavə olundu”.

Flora Kərimova Elton Hüseynəliyevə həyati bir mesaj da ünvanlayıb:
“Allah qismət etsin, bir gün elə bir mərhələyə çatarsan ki, kimsə ümidlə qapını döyər. O zaman anlayarsan ki, oxuyacağın mahnı və ya duet bir insanın ruzi qapısını açır. O vaxt eqonu kənara qoyub bir tikəyə, bir sevincə vəsilə ola biləcəksən. Həmin gün təkcə məni deyil, həyatı da anlayacaqsan”.

Qeyd edək ki, Elton Hüseynəliyev dəvət olunduğu verilişdə Flora Kərimovanın yaradıcılığına toxunaraq, onun 500 ifasından yalnız 100-nü “yağ-bal”, yerdə qalan 400-nü isə təkrar olduğunu iddia edib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər