Folklor İnstitutunda “Milli yaddaşda 20 Yanvar: Kədərdən Qürura” adlı anım tədbiri keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və YAP Yasamal Rayonu AMEA Folklor İnstitutu üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
ERAmedia xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin tarixi mahiyyətini xatırlatmaq, şəhidlərin xatirəsini ehtiramla anmaq və bu tarixi həqiqətləri gələcək nəsillərə doğru şəkildə çatdırmaqdır. Hikmət Quliyev qeyd edib ki, 36-cı ildönümünü qeyd etdiyimiz qanlı 20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinə qarşı törətdiyi ağır cinayət və qanlı terror aktı kimi tarixdə qalmaqdadır. 1990-cı il yanvarın 20-də SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən həyata keçirilən hərbi müdaxilə xalqın milli iradəsinə, demokratik dəyərlərə və müstəqil dövlət quruculuğu arzularına qarşı yönəlmiş dövlət səviyyəli cinayət olmuşdur.
Alim bildirib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, Sovet İttifaqı rəhbərliyinin törətdiyi qanlı hadisəni açıq şəkildə pisləmiş və faciənin mərkəzi hakimiyyətin, eləcə də respublika rəhbərliyinin xəyanəti nəticəsində baş verdiyini bəyan etmişdir. Bu mövqe çətin zamanda Azərbaycan xalqı ilə həmrəyliyin və liderliyin bariz nümunəsi olmuşdur.
Hikmət Quliyev çıxışında vurğulayıb ki, zaman keçdikcə 20 Yanvar faciəsinin tarixi mahiyyəti daha dərindən dərk olunur. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğu bir şəraitdə 20 Yanvar hadisələri təkcə faciə kimi deyil, həm də milli qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi və müstəqil dövlətə aparan yolun şərəfli mərhələsi kimi qiymətləndirilir. Alim qeyd edib ki, müasir Azərbaycan regionda və beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən nüfuzlu dövlətdir və 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla yad edilməsi, faciənin dərslərinin gələcək nəsillərə ötürülməsi üçün tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir.
Daha sonra Folklor studiyası tərəfindən hazırlanan “20 Yanvar: unutmadıq, unutdurmarıq!” adlı videoçarx təqdim olunub. Videoçarxda həmin günün dramatik anları, şəhidlərin qəhrəmanlıqları və Azərbaycanın müstəqilliyi uğrunda verdiyi böyük qurbanlarla bağlı görüntülər yer alıb.
Tədbirdə iştirak edən çıxışçılar öz məruzələrini təqdim ediblər. İlk olaraq, böyük elmi işçi Aydın Mustafayev “20 Yanvar faciəsinin folklor yaddaşı” mövzusunda çıxış edib. O, 20 Yanvar hadisəsinin yalnız siyasi və tarixi hadisə olmadığını, həm də xalqın şifahi ədəbiyyatında və folklorunda dərin izlər buraxdığını araşdırıb. Məruzəçi bildirib ki, faciənin xalq arasında yaranan şifahi ədəbiyyat nümunələri milli kimliyin qorunması və qəhrəmanlıq tarixinin yaşadılması baxımından vacib rol oynayır.
Daha sonra baş mütəxəssis Sevinc Hüseynova “Gənc nəslin yaddaşında 20 Yanvar – Milli Yaddaşın davamı” mövzusunda çıxış edib. O, faciənin uzun tarixə dayanan hadisələrin nəticəsi olduğunu, 20 Yanvarın arxa planında Sovet imperiyasının və erməni məkrlərinin dayandığını bildirib. Məruzəçi qeyd edib ki, bu hadisələr 1988, 1948, 1918 və digər illərdə baş verən deportasiyalar və soyqırımlarla əlaqədardır. Sevinc Hüseynova 20 Yanvarın yalnız faciə deyil, Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin simvolu olduğunu vurğulayıb.
Folklor studiyasının rəhbəri Mahir Ordubadi “Azərbaycan musiqi yaradıcılığında 20 Yanvar faciəsinin əksi” mövzusunda çıxış edib. O, faciənin Azərbaycan musiqisində necə əks olunduğunu, musiqi vasitəsilə xalqın kollektiv yaddaşının və milli kimliyinin qorunduğunu bildirib. Mahir Ordubadi xüsusilə bu faciəyə həsr olunmuş mahnılar və digər musiqi janrlarında yaranan əsərləri diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışında kişilərin yas mədəniyyətindəki rolunu və 20 Yanvar faciəsi ilə bağlı ənənələri ətraflı şərh edib. O bildirib ki, kişilər yas mərasimlərində “layla” və “ağı” söyləməklə yalnız şəxsi kədərini ifadə etmirlər, eyni zamanda faciənin kollektiv yaddaşda qorunmasına, xalqın milli kimliyinin və tarixi şüurunun formalaşmasına mühüm töhfə verirlər. İlhamə Qəsəbova vurğulayıb ki, kişilərin yas mərasimlərindəki bu davranış formaları milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz əhəmiyyət kəsb edir.
Tədbirin sonunda Folklor İnstitutunun direktoru Hikmət Quliyev çıxış edərək bildirib ki, tədbir yalnız tarixi xatırlatmaqla kifayətlənmir, həm də gənc nəsillərdə milli yaddaşın möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun artırılması və 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, 20 Yanvar faciəsinin dərsləri və şəhidlərin xatirəsi unudulmamalıdır.









