Folklor İnstitutunda Ulu Öndərin Anım Günü qeyd olunub-FOTO
Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor studiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib və tədbir iştirakçıları Ümummilli Liderin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə bağlı xatirələrə bir daha nəzər salıblar.
ERAmedia tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan milli dəyərlərinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. O, xüsusilə Heydər Əliyevin Azərbaycan dili, folkloru, ədəbiyyatı və mədəni irsinin qorunmasına verdiyi strateji əhəmiyyəti qeyd edərək vurğulayıb ki, Ümummilli Lider ən çətin tarixi mərhələlərdə belə milli mədəniyyətin yaşadılması üçün mühüm qərarlar qəbul etmiş, ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsinə, milli-mənəvi dəyərləri özündə ehtiva edən filmlərin çəkilməsinə böyük dəstək vermişdir.
Hikmət Quliyev Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışını Azərbaycanın siyasi, iqtisadi və dövlətçilik tarixində dönüş nöqtəsi kimi səciyyələndirib. Alimin sözlərinə görə, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həmin dövrdən başlayaraq ilk növbədə siyasi stabilliyin əldə olunması, dövlət müstəqilliyinin qorunması və iqtisadi suverenliyin təmin edilməsi istiqamətində fundamental qərarlar qəbul olunmuş və əməli addımlar atılmışdır. “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi və digər strateji təşəbbüslər Heydər Əliyev siyasətinin uzaqgörənliyinin və sistemliliyinin təcəssümüdür. Bu layihələr Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, regional əməkdaşlıq platformalarında aparıcı rol oynamasına mühüm töhfə vermişdir”, – deyə Hikmət Quliyev əlavə edib. O, həmçinin Ümummilli Liderin “Mən İlham Əliyevə özüm qədər inanıram” fikrinin Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilməsinin rəmzi ifadəsi olduğunu bildirib. Alim vurğulayıb ki, Ulu Öndərin ideya və ideallarının, yarımçıq qalan işlərinin həyata keçirilməsi məhz həmin siyasi kursunun layiqli davamçısı, bu gün dünya liderləri içərisində xüsusi yerə malik olan İlham Əliyev tərəfindən mümkün ola bilərdi. Odur ki, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə xidmətləri təkcə özünün fiziki ömrü ilə məhdudlaşmır, onun Azərbaycan xalqına ən böyük töhfəsi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir” deyə bilərik.
Eyni zamanda Hikmət Quliyev çıxışında Ümummili Lider Heydər Əliyevin milli dövlətçilik ideyalarının müasir qlobal şəraitdə, texnokulturoloji proseslərin getdiyi hazırki çağda da xüsusi aktuallıq daşıdığını vurğulayıb. Heç təsadüfi deyildir ki, Azərbaycanda texnoloji inkişafın əsasları ölkəmizin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinin təməllərini atan Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti tərəfindən də uğurlu davam etdirilməkdədir. Hikmət Quliyev bu kontekstdə müasir dövrün çağırışları – rəqəmsallaşma, süni intellektin tətbiqi ilə bağlı meydana çıxan məsələlərə də toxunub. Alim, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin səsləndirdiyi fikrə – kibertəhlükəsizliyin təkcə virtual deyil, həm də fiziki təhlükəsizliyi ehtiva etməsinə nəzər yetirərək qeyd edib ki, çağdaş şəraitdə alimlərin, tədqiqatçıların və ziyalıların üzərinə düşən elmi, ictimai və mənəvi məsuliyyət daha da artmışdır. Alim bu kontekstdə mədəni təhlükəsizlik, milli ideoloji dayaqların gücləndirilməsi istiqamətində folklorşünas alimlərin üzərinə düşən vəzifələrə nəzər yetirib. Qeyd edib ki, folklor resurslarında yaşayan dəyərlər, milli və mədəni kimliyin formalaşdırılması, yaşadılması və gələcək nəsillərə ötürülməsi sahəsində olduqca böyük potensiala malikdir. Hikmət Quliyev qeyd edib ki, Heydər Əliyev ideyalarının yaşadılması, Prezident İlham Əliyevin elm və mədəniyyət sahələri qarşısında müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində Folklor İnstitutunun da üzərinə böyük vəzifələr düşür.
Daha sonra Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin “Mən Azərbaycanlıyam” ifadəsinin yalnız milli kimliyin təsdiqi deyil, həm də Azərbaycanın tarixi varlığı, dövlətçilik ənənələri və milli ideologiyasının təməlini ehtiva edən ən güclü konseptual aforizmlərdən biri olduğunu bildirib. Alim vurğulayıb ki, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas prinsipləri formalaşdırmış və müasir dövlətçilik ideyalarının bərqərar olmasına ciddi təsir göstərmişdir.
Mətanət Abbasova Ulu Öndərin siyasi fəaliyyəti və Azərbaycanın strateji inkişafı üçün atdığı addımları təhlil edərkən, onun Sovet dövründə təhlükəsizlik orqanlarında qazandığı təcrübənin respublikanın siyasi həyatına verdiyi mühüm töhfələri xüsusi qeyd edib. O bildirib ki, Heydər Əliyev müxtəlif təzyiqlər fonunda Azərbaycanın ziyalılarını, söz və fikir sahiblərini qoruyaraq milli şüurun inkişaf etdirilməsi üçün əlverişli ictimai mühit yaratmışdır. Alimin sözlərinə görə, “milli şüur” və “milli düşüncə” anlayışları Ulu Öndərin çıxışlarında xüsusi yer tutaraq xalqın müstəqil fikir formalaşdırması, milli kimliyə sahib çıxması və mədəni-mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkmişdir. Onun sözlərinə görə, Ulu Öndər milli düşüncəni formalaşdırmaqla yanaşı, Azərbaycan xalqının tarixi yaddaşının, mədəni köklərinin və mənəvi bütövlüyünün möhkəmləndirilməsinə xüsusi diqqət yönəltmişdir ki, bu da ölkənin müasir inkişaf mərhələsində əvəzsiz rol oynamışdır.
Sonda Mətanət Abbasova Heydər Əliyevin Azərbaycanın mədəni irsinin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər etnik və milli abidələrin təbliği, folklor nümunələrinin toplanması və sistemli şəkildə tədqiqi, eləcə də Cənubi Azərbaycan şairləri ilə keçirdiyi görüşlərlə milli-mədəni dəyərlərə yüksək hörmətin formalaşmasına xidmət etmişdir. “Heydər Əliyev Azərbaycanın mədəni irsini hər zaman irəli sürürdü. Bu gün isə onun irsi bir mədəni irsə çevrilmişdir”, – deyə Mətanət Abbasova çıxışını tamamlayıb.
Tədbirdə “Heydər Əliyev və Ana dilimiz” mövzusunda çıxış edən böyük elmi işçi Zəfər Fərhadov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hələ 1970-ci illərdən etibarən Azərbaycan dilinin rəsmi statusunun möhkəmləndirilməsi, onun qorunması və zənginləşdirilməsi istiqamətində ardıcıl, sistemli və məqsədyönlü dövlət siyasəti həyata keçirib. Zəfər Fərhadov vurğulayıb ki, Heydər Əliyev Azərbaycan dilini böyük tarixi keçmişə və zəngin mənəvi irsə malik milli dəyər kimi qiymətləndirərək onu nəsillərdən nəsillərə ötürülən əvəzsiz sərvət adlandırırdı.
Çıxışı zamanı Zəfər Fərhadov Ulu Öndərin “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid fikirlərimizi öz ana dilimizlə ifadə edə bilirik” sözlərini xatırladaraq bildirib ki, bu fikirlər xalqımıza, xüsusilə də ziyalı təbəqəsinə ünvanlanan mühüm konseptual mesajlar ehtiva edir. Onun sözlərinə görə, Ulu Öndərin həmin ifadələrində üç əsas məqam xüsusi olaraq ön plana çıxır: Azərbaycan dilinin türk dilləri ailəsinə mənsub olması, dilimizin zənginliyi və həyatın bütün sahələrinə dair fikirləri ifadə etmək gücünə malik geniş imkanlar.
Zəfər Fərhadov çıxışının sonunda Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı naminə imzaladığı fərman və sərəncamların, eləcə də həyata keçirdiyi praktiki tədbirlərin bu gün də ardıcıllıqla davam etdirildiyini qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin həmin siyasəti qətiyyətlə və sistemli şəkildə həyata keçirməsi Azərbaycan dilinin dövlət idarəçiliyi, elm, təhsil və mədəniyyət sahələrində mövqeyini daha da möhkəmləndirmiş və ana dilimizin müasir dövrdə strateji əhəmiyyətini artırmışdır.
Daha sonra Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət İbrahimli “Folklordan kimliyə: Heydər Əliyevin mədəni irs strategiyası” mövzusunda təqdim etdiyi məruzəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətə toxunub. O, qeyd edib ki, Ulu Öndərin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə qeyri-maddi mədəni irsin öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirilən işlər sistemli xarakter almış, bu sahənin institusional əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verilmişdir.
Səadət İbrahimli çıxışında vurğulayıb ki, Heydər Əliyev yalnız görkəmli dövlət xadimi deyil, həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşan nadir şəxsiyyət olmuşdur. Alimin sözlərinə görə, bu siyasət mədəni irsin davamlılığının təmin edilməsinə, milli kimliyin əsas komponentlərindən biri olan folklorun strateji əhəmiyyət daşıyan sahə kimi formalaşmasına şərait yaratmışdır.
Səadət İbrahimli əlavə edib ki, Ümummilli Liderin xalq yaradıcılığına göstərdiyi xüsusi diqqət və qayğı folklorşünaslıq sahəsində yeni mərhələnin başlanmasına səbəb olmuş, folklor irsinin həm elmi müstəvidə, həm də geniş ictimai sferada daha dərin və geniş şəkildə tanıdılmasına imkan yaratmışdır. Onun fikrincə, Heydər Əliyevin bu istiqamətdəki fəaliyyəti xalqın zəngin mədəni irsinin mühafizəsi, dəyərlərinin nəsillərarası ötürülməsi və milli-mədəni identikliyin möhkəmləndirilməsi baxımından əvəzsiz tarixi əhəmiyyətə malikdir.
Tədbirin sonunda filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları, milli mədəniyyətə və mənəvi dəyərlərə verdiyi yüksək dəyər bu gün də Azərbaycan elminə, ziyalı mühitinə və mədəni siyasətinə istiqamət verən strateji xətt kimi aktuallığını qorumaqdadır. O vurğulayıb ki, Folklor İnstitutu Ulu Öndərin zəngin irsini və Prezident İlham Əliyevin mədəniyyət və elm sahələrində müəyyənləşdirdiyi strateji prioritetləri əsas tutaraq, milli‐mənəvi dəyərlərin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.
Əli Fərhad










