media-17890312061056137920_1200x630

Fransada davam edən ictimai narazılıqlar ölkədə sosial-iqtisadi problemlərin, hakimiyyətlə cəmiyyət arasında etimadın zəifləməsinin və siyasi qütbləşmənin dərinləşdiyini göstərir. Əvvəlki illərdə “Sarı jiletlilər” hərəkatı və pensiya islahatlarına qarşı keçirilən genişmiqyaslı aksiyalar da sübut etdi ki, əhalinin sosial tələblərinin lazımi səviyyədə nəzərə alınmaması ciddi siyasi gərginliyə yol aça bilər. Etirazların təkrarlanması hakimiyyətin sosial-iqtisadi siyasətinin və cəmiyyətlə dialoq qurmaq imkanlarının müzakirəsini aktuallaşdırır.

ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, sosial-iqtisadi çətinliklər, yaşayış xərcləri ilə bağlı narahatlıqlar və sosial təminat məsələləri Fransada ictimai narazılığı gücləndirən amillər sırasındadır: “Belə şəraitdə hakimiyyətin cəmiyyətin tələblərini dinləməsi, sosial dialoqu genişləndirməsi və problemlərin həlli istiqamətində real addımlar atması mühüm əhəmiyyət daşıyır. Etirazların qarşısının alınmasında güc metodlarına üstünlük verilməsi və sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi isə gərginliyi daha da artıra bilər. Hüquq-mühafizə orqanlarının davranışı, polis zorakılığı ilə bağlı iddialar və dinc toplaşmaq hüququna mümkün məhdudiyyətlər Fransada demokratiyanın vəziyyəti ilə bağlı ciddi suallar doğurur. İctimai asayişin qorunması vacib olsa da, bu, insan hüquq və azadlıqlarının təmin olunması öhdəliyini arxa plana keçirməməlidir. Demokratik idarəçilik hakimiyyətin yalnız qanunları tətbiq etməsi ilə deyil, həm də vətəndaşların hüquqlarına hörmət etməsi və cəmiyyət qarşısında məsuliyyət daşıması ilə səciyyələnir”.

S.Salmanova qeyd edib ki, Fransadakı hadisələr fonunda özünü beynəlxalq insan hüquqları müdafiəçisi kimi təqdim edən təşkilatların, eləcə də Avropa İttifaqı institutlarının mövqeyi xüsusi diqqət tələb edir.

“Avropa İttifaqı institutları insan hüquqlarının, demokratik dəyərlərin və fundamental azadlıqların müdafiəsini öz fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi təqdim edirlər. Buna görə də Fransada baş verən hadisələrə münasibətdə də eyni prinsipiallığın nümayiş etdirilməsi vacibdir. Əgər Avropa İttifaqı institutları digər ölkələrdə insan hüquqları ilə bağlı məsələlərə sərt münasibət bildirir, lakin öz üzv dövlətlərində oxşar problemlər meydana çıxdıqda eyni həssaslığı nümayiş etdirmirlərsə, bu, ikili standartlar barədə ciddi suallar yaradır. İnsan hüquqları universal dəyərlərdir və onların müdafiəsi dövlətlərin siyasi mövqeyindən, beynəlxalq nüfuzundan və ya mənsub olduğu siyasi birliklərdən asılı olmamalıdır. Fransada etirazlar zamanı hüquq və azadlıqların pozulması ilə bağlı iddialar da obyektiv şəkildə qiymətləndirilməli, dinc toplaşmaq hüququnun təmin olunması və hüquq-mühafizə orqanlarının fəaliyyətinin qanunauyğunluğu diqqətdə saxlanılmalıdır. Beynəlxalq insan hüquqları müdafiəçilərinin və Avropa İttifaqı institutlarının belə məsələlərə susqun və ya seçici münasibəti onların qərəzsizliyi və prinsipiallığı barədə suallar doğurur. İnsan hüquqları siyasi maraqlara uyğun olaraq xatırlanan deyil, hər bir şəraitdə müdafiə edilməli olan universal dəyərdir”.

Deputat qeyd edib ki, Fransada ictimai narazılıqların təkrarlanması hakimiyyətlə cəmiyyət arasında etimadın qorunmasının, sosial problemlərin həllinin və fundamental azadlıqlara hörmətin əhəmiyyətini bir daha ortaya qoyur. Onun fikrincə, demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində iddialı mövqe nümayiş etdirən beynəlxalq dairələr bu prinsiplərə bütün ölkələrdə eyni meyarlarla yanaşmalıdırlar. Əks halda, ikili standartlar beynəlxalq təsisatların obyektivliyinə və fəaliyyətinə olan ictimai etimadı zəiflədir.

 


media-adspc

Bənzər xəbərlər