Füzulidə tikilən müasir səhiyyə müəsissəsi gələn il istifadəyə veriləcək

İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Uzun illər viran qalmış ərazilərdə bu gün yeni yaşayış massivləri, sosial infrastruktur obyektləri, yollar və mühüm əhəmiyyət daşıyan səhiyyə müəssisələri inşa olunur.
ERAmedia xəbər verir ki, yenidən dirçələn Füzuli müasir şəhər konsepsiyası əsasında formalaşdırılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Füzuli Rayon Mərkəzi Xəstəxanasının tikintisidir.

Füzuli Rayon Mərkəzi Xəstəxanası layihəsinin sahə mühəndisi Elgün Nəcəfovun verdiyi məlumata görə, tikinti işlərinə 2025-ci ilin birinci rübündə başlanılıb və layihənin 2027-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.

“Xəstəxananın ümumi sahəsi 4,5 hektardır. Kompleks bir əsas korpus və 6 köməkçi binadan ibarətdir. Əsas korpus zirzəmisi olan 2, 3 və 4 mərtəbəli binalardan təşkil olunacaq. Köməkçi binalar isə zirzəmisi olan 2–3 mərtəbəli tikililər və zirzəmisi olmayan birmərtəbəli binadan ibarətdir. Əsas korpusda 180 çarpayılıq stasionar şöbə, əməliyyat otaqları, poliklinika və təcili tibbi yardım mərkəzi fəaliyyət göstərəcək. Köməkçi binalarda isə ekspertiza şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, mətbəx-qazanxana, camaşırxana və infeksion şöbə yerləşəcək.

Xəstəxana ərazisində, həmçinin bir ədəd nasosxana, içməli su anbarı və yanğın əleyhinə su anbarının tikintisi də aparılır. Hazırda ərazidə dəmir-beton konstruksiya işləri tam yekunlaşıb, hörgü, suvaq və digər daxili işlər davam etdirilir. Tikinti işləri peşəkar heyət tərəfindən aparılır, istifadə olunan bütün materiallar dövlət norma və standartlarına uyğun olaraq seçilir, əvvəlcədən keyfiyyət yoxlamasından keçirildikdən sonra tətbiq olunur”, – deyə sahə mühəndisi bildirib.









