Gənc istedadın ilk fərdi sərgisi açıldı – FOTOLAR
YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 140 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Kərimova Xədicə Seymur qızının ilk fərdi yaradıcılıq sərgisi keçirilib.
ERAmedia-nın məlumatına görə, “Rənglərdə Gül Bayramı” adlı sərginin açılış mərasimində çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bildirib ki, sərgi təsadüfi tarixdə təşkil olunmayıb. Onun sözlərinə görə, tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Elnurə İsgəndərova qeyd edib ki, bu sərgi gənc istedadın yaradıcılıq yolunda ilk addımı olmaqla yanaşı, milli yaddaşın, mədəniyyətin və idealların rənglər vasitəsilə ifadəsidir. O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərdə gəncliyin enerjisi, milli dəyərlərə sevgi və yaradıcılıq həvəsi aydın hiss olunur.
YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, Xədicənin bu addımı yalnız öz istedadını nümayiş etdirmək deyil, həm də gənc nəslin Ulu Öndərin ideyalarına və milli-mənəvi dəyərlərə bağlılığının göstəricisidir.
Bəxtiyar Nəbiyev qeyd edib ki, sərgi bir daha sübut edir ki, Azərbaycan gəncliyi öz yaradıcılığı ilə həm bu günü, həm də gələcəyi işıqlandırır.
Tədbirdə fəxri qonaq qismində professor Mahirə Hüseynova, deputatlar Göydəniz Qəhrəmanov və Ceyhun Məmmədov iştirak ediblər.
Sərgidə gənc rəssamın valideynləri – Müdafiə Nazirliyinin əməkdaşı, kapitan Seymur Kərimov və Müdafiə Nazirliyinin əməkdaşı, mayor Arzu Kərimova, sinif rəhbəri Anaxanım Dadaşova, sinif yoldaşları, ARİ-nin üzvləri Minə Məmmədova, Könül Əzimova, Zinaida Mirzəzadə, Günay Məmmədova, Aygün Kamilqızı, eləcə də Xədicənin babası, təqaüdçü Sirudin Kərimov, dayıları Firidun Kərimov və Nurlan Kərimov, bibiləri Fəxriyyə Kərimova və Emeti Dönmez də iştirak ediblər.
Qonaqlar gənc rəssama uğurlar arzulayaraq, onun yaradıcılıq yolunun başlanğıcı olan bu sərginin gələcəkdə daha böyük nailiyyətlərin müjdəçisi olacağına inandıqlarını bildiriblər.
Daha sonra sərgi rəsmi olaraq açıq elan olunub və iştirakçılar gənc istedadın rənglər dünyası ilə tanış olublar.
Sərgidə rəssamın floristika, kətan üzərində yağlı boya və akvarel janrlarında hazırladığı 50 rəsm əsəri nümayiş etdirilib.
Sonda gənc rəssama ilk fərdi yaradıcılıq sərgisinə görə mükafat təqdim olunub, xatirə fotoları çəkdirilib.
Aygün Oqtay
Fotolar Camalındır










