Gənc jurnalist və aparıcılar dil üzrə davamlı təlimlərə cəlb olunmalıdır
Mediada dil qaydalarının pozulmasının qarşısını almaq üçün həm ümumi, həm də fərdi səviyyədə ardıcıl addımlar atılmalıdır. İlk növbədə media qurumlarında redaktor fəaliyyətinin gücləndirilməsi vacibdir. Hər bir televiziya, radio və xəbər portalında peşəkar redaktorların olması, yayıma çıxan materialların dil baxımından əvvəlcədən yoxlanması səhvlərin qarşısını xeyli alır.
ERAmedia-nın məlumatına göə, bu fikirləri Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova deyib.
O, gənc jurnalist və aparıcıların dil üzrə davamlı təlimlərə cəlb olunmasına ehtiyac olduğunu vurğulayıb.
“Dil dinamik olduğuna görə periodik seminarlar, ustad dərsləri və nitq mədəniyyəti üzrə təlim proqramları media işçilərinin peşəkarlığını mütəmadi olaraq artırar. Media qurumlarının öz daxilində dil standartlarına nəzarət üçün bir növ vaxtaşırı monitorinqin aparılması zəruridir. Redaksiyanın düzgün yazı qaydaları, terminologiya, vurğu və tələffüz normalarına dair monitorinq məlumatlarını müzakirə etməsi həm keyfiyyəti, həm də məsuliyyəti artırar. Bundan başqa, jurnalistika sahəsinə gələn gənclərin nitq mədəniyyəti və yazı bacarıqları üzrə praktiki vərdişlərinin gücləndirilməsi gələcəkdə media nümayəndələrinin dil səviyyəsini yüksəldəcək”,- deyə Xatirə Hüseynova əlavə edib.
Cəmiyyətin bu sahədə rolundan söhbət açan Xatirə Hüseynova deyib: “Oxucu və tamaşaçı rəyləri, ictimai tənqid, səhvlərin qeyd edilməsi media qurumlarında məsuliyyəti artırar. Media tənqidinin əhəmiyyətini də burada vurğulamaq yerinə düşər. Dilin düzgün istifadəsi həm peşəkarlığın göstəricisi, həm də ictimai etimadın əsas amilidir. Ona görə də media bu məsuliyyətə ciddi yanaşmalıdır”.









