GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı? - Tahir Mirkişili yazır...
Tətil günlərində Italyan bir həmkarımın (N.Capisco) tövsiyyəsi ilə C.Perezin “Görünməz Qadınlar” kitabını oxudum. Müəllif qadınların iştirakçılığını standard gender məsələsindən çıxardaraq daha geniş idarəetmə və iqtisadi səmərəlilik səviyyəsinə qaldırıb.
Təhlillər göstərir ki, tarixən dünyada demək olar ki, hər şey kişilər üçün dizayn edilib və bu prossesdə qadınlar demək olar ki, ya nəzərə alınmayıb, ya da onlar haqqında heç bir data toplanmayıb.
Avtomobilin təhlükəsizlik üsullarının və oturacaq ölçüsünün, smartfonların ekran ölçüsünün, pianonun, kompüterin klavişlərinin ölçüsünün, səs tanıma sistemlərinin, tibbdə dərmanların orqanizmə təsirlərinin, ofisdə kondisionerlərin orta temperaturunun müəyyən edilməsinin, yollarda qarların təmizlənməsinin, şəhərdə nəqliyyat marşrutlarının çəkilməsinin və s. müəyyən edilməsində qadınlar haqqında demək olar ki heç bir datadan istifadə edilməyib. Bütün bu fəaliyyətlərdə orta kişinin ölçüləri, istəkləri, həyat tərzi və onun orqanizminin xüsusiyyətləri əsas götürülüb.
Hətta, iqtisadiytatda ÜDM-in hesablanmasında belə qadınların rolu ədalətsizdir. Məsələn, qadın evdə uşağa özü baxanda bu ÜDM-də görünmür, amma uşağa dayə tutanda bu xidmət ÜDM-də ölçülür.
Ən qorxulusu odur ki, bu datalara əsasən yaradılmış Süni İntellekt də bu ayrı-seçkiliyi avtomatlaşdıra bilər.
Ən maraqlı fikri budur ki, eyni münasibət və bərabər imkanlar eyni nəticə yaratmır.
Biz əslində “hamıya eyni yanaşırıq” deyə bilərik. Amma qadın və kişinin davranış modeli, fiziki xüsusiyyətləri və gündəlik yükü fərqlidirsə, eyni siyasət fərqli nəticə verə bilər. Demək, bərabər imkanlar, eyni yanaşma bərabər nəticələrə gətirib çıxarmaya bilər.
Müasir idarəetmənin əsas reallığı: görmədiyimiz insan üçün düzgün sistem qura bilmərik tezisidir. Biz qadınları daha çox görməli və onlar haqqında eyni miqyasda data toplamalı, həyat şərtlərini formalaşdıranda onları nəzərə almalıyıq. Əks halda bu, iqtisadi səmərələliyin, dəyər formalaşmasının azalmasına gətirib çıxarır.









