“GeoCamp” yay düşərgəsinin açılışı olub
Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “GeoCamp” tələbə yay düşərgəsi öz işinə başlayıb.
Bu barədə ERAmedia-ya BDU-dan məlumat verilib.
Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov diqqətə çatdırıb ki, BDU ölkəmizdə geologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı kadrların yetişməsinə mühüm töhfə verir. “GeoCamp” tələbə yay düşərgəsi gənclərin geologiya üzrə biliklərinin zənginləşməsində, onların bu sahədə müasir çağırışlarla tanış olmasında mühüm əhəmiyyət daşıyacaq.
Düşərgənin açılış mərasimində BDU rektorunun katibliyinin referenti, “BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri, sessiyanın moderatoru Qasım Xəlilov layihənin ərsəyə gəlməsində və yüksək səviyyədə təşkilində əməyi olan, dəstəyini əsirgəməyən bütün tərəfdaş qurumlara minnətdarlığını bildirib. O vurğulayıb ki, BDU-nun ev sahibliyi etdiyi bu düşərgə gənclərin yalnız akademik və elmi dünyagörüşünün deyil, sosial vərdişlərinin formalaşmasında müstəsna rol oynayır və gələcək fəaliyyətlərinə mühüm istiqamət verir.
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, layihə çərçivəsində formalaşan yaradıcı və həvəsləndirici mühit gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında, potensialının üzə çıxarılmasında və gələcək inkişafında müstəsna rol oynayır.
Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, layihə rəhbəri İlqar Quliyev çıxışında geologiya elminin daha dərindən və əyani şəkildə öyrənilməsi üçün bu sahəyə xüsusi maraq göstərən gənclərin layihədə fəal iştirakının vacib olduğunu vurğulayıb.
“Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri, layihə rəhbəri Samir Mürsəlov isə son illərdə bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb. O qeyd edib ki, geologiya elminin inkişafı və müasir çağırışlara cavab verməsində gənclərin fəallığı, bu sahəyə marağı mühüm rol oynayır.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, layihə yalnız tələbələrin asudə vaxtlarını və istirahətlərini səmərəli təşkil etməklə kifayətlənmir, həm də geologiya elminin incəliklərini gənclərə sevdirmək və onları elmi axtarışlara həvəsləndirmək məqsədi daşıyır.
Coğrafiya İnstitutunun direktoru Zaur İmrani diqqətə çatdırıb ki, coğrafiya və geologiya elmləri tarixən bir-birindən ayrılmaz şəkildə, paralel inkişaf yolu keçib. O, müasir dövrdə elm və təhsilin inteqrasiyasına böyük ehtiyac olduğunu bildirərək, elmi tədqiqatların yalnız nəzəriyyədə qalmamalı olduğunu, əldə olunan nəticələrin birbaşa istehsalata və real sektora tətbiqinin vacibliyini qeyd edib.
BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə isə düşərgənin əldə olunmuş nəzəri biliklərin yekunlaşdırılması və tələbələrin istehsalat təcrübələrinə inteqrasiya olunması baxımından müstəsna imkan olduğunu bildirib. O vurğulayıb ki, məhz bu səbəbdən müxtəlif universitetlərin tələbələrinin bir araya gəlməsi üçün hərtərəfli şərait yaradılıb.
Düşərgə BDU və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotec” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə reallaşıb.









