Geomaqnit fəallığının G1 səviyyəsində olması ehtimal edilir - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
ERAmedia-ya Rəsədxanadan bildirilib ki, Günəş fəallığı ötən həftə ilə müqayisədə zəifləyib. Əsasən 4479 ləkə regionunda M sinif alışmalar baş verib. Günəş səthində 4 ləkə qrupunda ümumilikdə 70 ləkə və tac dəlikləri müşahidə olunub.
Günəş küləyinin maksimal sürəti saniyədə 682 kilometrə çatıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 436 kilometrdir.
Geomaqnit sahəsi əsasən sakit–aktiv səviyyələr arasında dəyişib, iyulun 12-də qısamüddətli G1 səviyyəli aktivlik müşahidə edilib.
İyulun 13-dən 19-dək C sinif alışma ehtimalı 75 faiz, M sinif alışma ehtimalı 25 faiz, X sinif alışma ehtimalı isə 5 faiz qiymətləndirilir.
İyulun 10-da baş vermiş tac kütlə atılmalarının təsiri ilə iyulun 13–14-də geomaqnit fəallığının G1 səviyyəsinədək yüksəlməsi ehtimal olunur.










