Geomaqnit qasırğaları ilə bağlı AÇIQLAMA
Geomaqnit qasırğalarının insan orqanizminə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Baş ağrısı, halsızlıq və yuxu pozuntusu kimi şikayətlər geomaqnit aktivliklə əlaqələndirilə bilər. Lakin bu əlaqə bütün insanlarda eyni dərəcədə özünü göstərmir və tam şəkildə sübut olunmuş hesab edilmir.
ERAmedia xəbər verir ki, bu fikirləri Mərkəzi Neftçilər Xəstəxanasının nevroloqu Nigar Heydərova səsləndirib.
O bildirib ki, geomaqnit aktivlik bəzi insanlarda, xüsusilə miqrenə və yuxu pozuntusuna meylli şəxslərdə, mövcud simptomları gücləndirə bilən amil ola bilər. Belə dövrlərdə başda ağırlıq hissi, yorğunluq, halsızlıq, enerji azalması, yuxuya getməkdə çətinlik, yuxu keyfiyyətinin pisləşməsi, əsəbilik və diqqətin azalması müşahidə oluna bilər.
Nevroloq qeyd edib ki, xüsusilə miqrenə meylli insanlarda baş ağrılarının artması, bəzi şəxslərdə isə yorğunluq, diqqətin azalması və “enerjisizlik” hissinin yaranması mümkündür. Bununla belə, bu simptomların məhz geomaqnit qasırğasından qaynaqlandığını düşünərək digər sağlamlıq problemlərini nəzərdən qaçırmaq olmaz.
Mütəxəssis vurğulayır ki, qəfil başlayan və çox güclü baş ağrısı, üzdə əyilmə, qol və ya ayaqda qəfil zəiflik və keylik, nitqin pozulması, qəfil görmə itkisi, huşun itməsi, ciddi çaşqınlıq və ya qıcolma kimi əlamətlər geomaqnit qasırğası ilə izah edilməməlidir. Bu hallarda, xüsusilə insult riski olan şəxslərdə, vaxt itirmədən tibbi yardım göstərilməlidir. Güclü sinə ağrısı, ciddi nəfəs darlığı, davamlı qusma ilə müşayiət olunan şiddətli baş ağrısı, qəfil tarazlıq və yeriş pozuntusu da ciddi qəbul edilməlidir.
O qeyd edib ki, geomaqnit aktivlik dövründə əksər insanlar üçün xüsusi dərman və ya ciddi məhdudiyyət tələb olunmur: “Sağlam və nizamlı həyat rejiminin qorunması, kifayət qədər yuxu və ümumi sağlamlığa diqqət yetirilməsi əsas tövsiyələrdəndir.
Beləliklə, geomaqnit qasırğası bəzi insanlarda müəyyən narahatlıqları gücləndirə bilsə də, hər baş ağrısını və halsızlığı bununla əlaqələndirmək düzgün deyil. Xüsusilə yeni və kəskin simptomların yaranması zamanı onların əsl səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir”,-deyə o qeyd edib.









