Gizli planlar ifşa olunur: Avropa siyasəti erməni lobbisinin təsiri altında – ŞƏRH
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo və oğlu Tomas Moreno Ocampo ilə bağlı yayılan görüntülər Avropa siyasətinə təsir iddialarını yenidən gündəmə gətirib.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, videolarda Avropa siyasi strukturlarının müəyyən lobbi qruplarının təsiri altında olduğu açıq şəkildə etiraf edilir.
Onun sözlərinə görə, Okamponun açıqlamalarında Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Josep Borrell ilə əlaqələr və bu vasitə ilə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen üzərində təsir imkanlarının olduğu iddia edilir. Bildirilir ki, bu təsir mexanizmləri vasitəsilə Avropa siyasətinə yön vermək və müəyyən qərarların qəbuluna təzyiq göstərmək planlaşdırılır.
Asif Nərimanlı qeyd edib ki, iddialara əsasən, Avropa məhkəmə instansiyalarında Avropa Komissiyasının Azərbaycanla bağladığı müqavilələrin ləğvi istiqamətində hüquqi proses başladılıb və bu prosesdə əsas arqument kimi “insan hüquqları” məsələsi önə çəkilir. Onun fikrincə, bu yanaşma siyasi təzyiq aləti kimi istifadə olunur və xüsusilə enerji əməkdaşlığı kimi strateji sahələri hədəfə ala bilər.
Təhlilçi vurğulayıb ki, yayılan məlumatlar erməni diasporu və lobbi şəbəkələrinin iki əsas istiqamətdə fəaliyyət planlaşdırdığını göstərir. Birinci istiqamət Azərbaycana qarşı beynəlxalq platformalarda “insan haqları” mövzusunda yeni kampaniyanın genişləndirilməsidir. İkinci istiqamət isə Avropa İttifaqı rəhbərliyinə, o cümlədən yüksək vəzifəli şəxslərə birbaşa siyasi təzyiqlərin artırılmasıdır.
Asif Nərimanlı əlavə edib ki, görüntülərdə səsləndirilən digər mühüm məqam Ermənistanda daxili siyasi proseslərlə bağlıdır. Onun sözlərinə görə, Tomas Moreno Okamponun açıqlamaları Ermənistanın baş naziri Nikol Pashinyan hakimiyyətinə qarşı müəyyən planların mövcudluğu iddialarını gücləndirir və bu planların parlament seçkiləri fonunda reallaşdırılmasının nəzərdə tutulduğu bildirilir.
Sonda təhlilçi hesab edir ki, bu cür proseslər Azərbaycan və Ermənistan arasında davam edən sülh gündəliyinə ciddi təsir göstərə bilər və regionda geosiyasi rəqabətin daha da dərinləşməsinə səbəb ola bilər.
Vural










