“Google” bu qadağaları dəstəkləmədi
“Google”ın Böyük Britaniya üzrə rəhbəri Keyt Alessi yaşı 16-dan az olan şəxslər üçün sosial mediaya girişə qadağa qoyulması təşəbbüsü ilə bağlı xəbərdarlıq edib.
ERAmedia “The Independent”ə istinadla xəbər verir ki, o, belə bir qadağanın doğru yanaşma olmadığını və bu halın uşaqları internetin daha təhlükəli və nəzarətsiz hissələrinə yönləndirə biləcəyini bildirib. Keyt Alessi qeyd edib ki, “Google” sosial media üçün ümumi qadağaları dəstəkləmir.
Bu açıqlama hökumətin uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq məsələsini aktiv şəkildə müzakirə etdiyi bir vaxtda səsləndirilib. Hazırda yaşı 16-dan az olan istifadəçilər üçün tam qadağa variantı da nəzərdən keçirilir. Məsələyə diqqət Baş nazir Kir Starmerin gənclərin sosial mediaya aludəçiliyinə səbəb olan funksiyalara qarşı tədbir görməyə hazır olduğunu bildirməsindən sonra daha da artıb.
Bu müzakirələr həm də Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş vermiş mühüm məhkəmə qərarından sonra aktuallaşıb. Qərara əsasən, “Meta” və “Google” bir qadının uşaqlıq dövründə sosial media asılılığının yaranmasına görə məsuliyyət daşıyıb. Şirkətlər asılılıq yaradan məhsulların qəsdən hazırlanması səbəbi ilə 6 milyon ABŞ dolları məbləğində təzminat ödəməyə məhkum edilib.









