Goranboyda binada mənzilin döşəməsi çöküb, 4 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
ERAmedia xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.










