media-w_1617619904241299547189_1200x630
media-bant_master

Başında tacı, meyvələrin şahı, min bir dərdin dərmanı — nar. Göyçayda yazın ilk aylarından etibarən kəndlilərin sevgi və zəhmətlə qulluq etdiyi bu qiymətli meyvə artıq satış üçün hazırdır. Rayonun demək olar ki, bütün kəndlərində nar yığımına start verilib.

ERAmedia-nın məlumatına görə, narçılıq Göyçayda əsrlərdən bəri kəndlilərin həyat tərzinin bir hissəsinə çevrilib. Bu torpağın insanı üçün nar ağacı sadəcə bitki deyil — alın təri, ümid və ruzinin rəmzidir. Yazdan payıza qədər kəndlilər bağlarda əllərindən gələni edirlər ki, məhsul bol, keyfiyyətli və bazara yararlı olsun.

Qadınlar səhər tezdən vedrələrini götürüb bağlara yollanırlar. Gözlərinin nuru ilə böyütdükləri meyvəni ehtiyatla, zədələmədən, budağa zərər vermədən yığırlar. Kişilər isə yığılmış məhsulun daşınması, qoşqulara və maşınlara yüklənməsi ilə məşğul olurlar.

Hazırda bazarda qiymətlər sortdan və keyfiyyətdən asılı olaraq 60 qəpikdən 8 manata qədər dəyişir. Paralel şəkildə, rayondakı nar şirəsi istehsalı zavodları da məhsul qəbuluna başlayıb.

Narçılıq Göyçayda kəndlilərin əsas gəlir mənbəyidir. Rayonun Bığır, Alxasava, Qarayazı, Potu, Ləkçılpaq kəndlərində nar bağları daha geniş sahəni əhatə edir. Hazırda 10 min hektardan çox məhsul verən nar bağı mövcuddur. Ötən il isə 20 min ton nar tədarük edilib. Yeni tinglərin əkilməsi, damcı suvarma sistemlərinin qurulması və aqrotexniki xidmətlərin artması nəticəsində məhsuldarlığın gələn illərdə daha da yüksələcəyi gözlənilir.

Göyçay narı — təkcə torpağın bəxş etdiyi nemət deyil. Bu, həm də kəndlinin alın tərinin, səbrinin, zəhmətinin bəhrəsidir. Zəhmətin, halal ruzinin rəmzi olan Göyçay narı bu gün təkcə Azərbaycanın yox, dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir.


media-adspc

Bənzər xəbərlər