media-16788604835906812344_1200x630
media-bant_master

Azərbaycan Ordusunun hərbi gücü və texnoloji üstünlüyü bu gün regionda sülhün, sabitliyin və təhlükəsizliyin başlıca təminatçısına çevrilib. Ordumuzun arsenalında olan müasir texnologiyalar, yüksək dəqiqlikli artilleriya sistemləri, aviasiyanın inkişafı, eləcə də “Ice Breaker” kimi “super sonic” raketlərin döyüş potensialı strateji çəkindirici vasitə rolunu oynayır. Müasir döyüş meydanının tələblərinə uyğun qurulan bu sistemlər Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını və çevikliyini daha da artırır.

ERAmedia-nın məlumatına görə, bu fikriləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan Ordusu təkcə müdafiə qüvvəsi deyil, eyni zamanda, regionda sülh və sabitlik siyasətinin təminatçısıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar nəticəsində ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasına qarşı istənilən təxribat və ya işğal cəhdinə qarşı cavab tədbiri anında və ən sərt şəkildə veriləcək.

“2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Ordumuzda təxminən 2000 nəfərə yaxın xüsusi təyinatlı qüvvə (XTQ) mövcud idi. Noyabrın 8-də keçirilən hərbi paradda isə təkcə meydanda 4000 yüksək təlim keçmiş, peşəkar XTQ döyüşçüsü iştirak edirdi. Bu, Azərbaycan Ordusunun qüvvələrinin cüzi bir hissəsidir. Rəqəmlərin özü dövlətin hərbi potensialının necə yüksəldiyini açıq şəkildə göstərir. “Güclü dövlət-güclü ordu” prinsipi bu gün Azərbaycan reallığının əsas sütunlarından biridir. Azərbaycan Ordusu artıq dünyanın ən güclü və ən hazırlıqlı orduları sırasındadır”, – deyə deputat vurğulayıb.

O əlavə edib: “Əgər bu gün biz güclü, intizamlı və texnoloji baxımdan inkişaf etmiş bir ordudan danışırıqsa, deməli, keçmişin acı təcrübələrindən doğru nəticələr çıxarmışıq. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi hərc-mərclik, AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi Azərbaycanı faktiki olaraq dövlətçilik uçurumuna aparmışdı. Həmin dövrdə orduda koordinasiya yox idi, hərbi hissələr arasında nizam-intizam pozulmuş, hərbi məğlubiyyətlər ard-arda gəlirdi. Bu gün isə vəziyyət tam fərqlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir ordu modeli səviyyəsinə çatıb. O dövrün məğlubiyyətləri yerini qələbə və qürurla əvəz edib”.

Erməni revanşizminin tarixin zibilliyinə atılan miflərindən danışan Vüqar İskəndərov deyib: “Bir vaxtlar erməni hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi “tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” kimi cəfəng iddialar geniş yayılmışdı. Bu sözlərin müəllifləri, – Sarkisyan və Köçəryan kimi təcavüzkar siyasətçilər, – səlahiyyətlərindən sui-istifadə edirdilər. Amma bu gün həmin iddialar yalnız tarix kitablarında bir xatirə kimi qalıb – özü də biabırçı məğlubiyyətin xatirəsi kimi. Ermənistan rəhbərliyinin illərlə formalaşdırdığı “məğlubedilməz ordu” mifini Azərbaycan əsgəri 44 gün ərzində darmadağın etdi. Bu, təkcə hərbi qələbə deyil, eyni zamanda, 1990-cı illərin siyasi səhvlərinə tarixi cavab idi”.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan Ordusu müasir texnologiyalara əsaslanan, yüksək mənəvi-psixoloji hazırlığa malik və qələbə ruhunu qoruyan bir ordudur. Bu ordu yalnız torpaqlarını qorumaqla kifayətlənmir, həm də regionda sülhün əsas dayağı kimi çıxış edir. Güclü Azərbaycan dövləti, güclü lider və güclü ordu – məhz bu amillər ölkəmizin gələcək təhlükəsizliyinin və sabitliyinin əsas təminatıdır.


media-adspc

Bənzər xəbərlər