Gücümüzü bir daha nümayiş etdirməklə müharibə dövrünün qapandığını göstərdik-ŞƏRH
“Azərbaycan 5 il ərzində çox şeyi dəyişməyə nail oldu. Əvvəla qələbəsini həm Ermənistana, həm də bütün dünyaya qəbul etdirdi. Nəzərə alaq ki, Ermənistan 30 il ərzində buna nail ola bilməmişdi. İşğalçıların 90-cı illərdə əldə etdiyi hərbi üstünlük heç bir sənədlə təsdiqini tapmadı. Azərbaycan isə bu prossesi çox sürətlə tamamladı. Vaşinqtonda paraflanan sülh sazişi revanşistlərin ümidlərini birdəfəlik puç etdi. Qısa müddətdə Azərbaycanın nüfuzu kifayət qədər artdı. İndi Cənubi Qafqazda marağı olan hər kəs Azərbaycanla hesablaşmalı olur. Yalnız Cənubi Qafqazmı? Xeyir. Sərhədlərimizdə xeyli uzaq olan problemlərin həllində də Bakının resurslarından istifadə edilir“.

Bu fikirləri ERAmedia-ya açıqlamasında Siyasi şərhçi Araz XAN deyib.
O bildirib ki, “Qarabağ zəfəri Türk dövlətlərinin də sıx birləşməsinə də səbəb oldu. Türk Dövlətləri Təşkilatı təmaslarını sıxlaşdırdı və daha cəsarətli qərarlar qəbul etməyə başladı. Dost və qardaş ölkələrlə münasibətlərin yüksələn xəttlə inkişafı gücümüzə güc qatdı. Cənubi Qafqazda sülh mühitinin formalaşması regionun iqtisadi potensialını daha qabarıq ortaya çıxartdı. Orta Dəhlizin alternativsiz hissəsi kimi Azərbaycanın əhəmiyyəti artdı. Bu baxımdan yenə Vaşinqtonda Ermənistan Baş naziri Azərbaycan tələb etdiyi Zəngəzur Dəhlizinin açılmasına razılıq vermək məcburiyyətində qaldı”.

Araz Xan qeyd edib ki, “Bu yaxınlarda Azərbaycan Prezidenti Ermənistana bütün tranzit qadağalarını ləğv etdi. İndi Ermənistan Azərbaycan vasitəsilə Rusiya və Orta Asiya ölkələri ilə ticarət edə bilir.
Düzdü bu qədər müsbət proseslərin içərisində biz İrəvanın silahlanma meyllərinin şahidi oluruq. Fransadan yeni silahlar alınır, Hindistanla hansısa sistemlərin alınması üçün danışıqlar aparılır və sair. Aydın görünür ki, özünü sülh göyərçini kimi təqdim edən Ermənistan Baş naziri hər ehtimala müharibə hazırlıqları da aparır. Bu hazırlıqlar müəyyən araşdırmalar və əldə olunan hesabatlara əsasən həyata keçirilir. Əvvəlcə 44 gün ərzində hansı səbəblərdən məğlub olduqlarını və çatışmazlıqları necə aradan qaldıracaqlarını müəyyənləşdiriblər. Bir sözlə 5 il əvvəlki Azərbaycanla rəqabət aparmağa çalışırlar. Qoy çalışsınlar. Əslində beyinlərinin bir küncündə revanş planları quranların anlamadıqları bir şey var. Azərbaycan 5 il əvvəlki Azərbaycan deyil. Bizim gücümüz indi İrəvanın rəqabət apara biləcəyi səviyyədə deyil. Çünki Prezident İlham Əliyev qələbənin eyfariyasına qapılmağı qadağan edib. Azərbaycan ordusu şəxsi heyətin döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır. Hərbi texnikanın yenilənməsini həyata keçirir. Ordunu ən müasir silahlarla təmin edir. Bakıda qələbənin 5 ili münasibəti ilə keçirilən hərbi paradda biz bu silahların bir qismini görmək imkanı əldə etdik.

Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı Azərbaycana vətən müharibəsində verilən siyasi və mənəvi dəstəyin davamıdır. 5 il əvvəl 44 gün ərzində Azərbaycanda qalan Türkiyə F 16-larının paradda yenidən Bakı səmasında görünməsi isə bütün dünyaya mesaj oldu.

Paradın əsas mesajı isə indi Cənubi Qafqazda mövcud olan sülh şəraitini güclə əldə etməyimiz idi. Gücümüzü bir daha nümayiş etdirməklə müharibə dövrünün qapandığını göstərdik. Qarşıda isə daha böyük hədəflərimiz var: ordu, iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələr… Hər biri elm və texnologiyanın tətbiqi ilə inkişaf etdirilməlidir. Sürətlə inkişaf edən süni intellekt və digər texnoloji yeniliklərdən kənarda qalmaq olmaz. Prezident İlham Əliyev bütün dövlət srtukturları qarşısında bu hədəfləri qoyub. İndi hər bir Azərbaycan vətəndaşı bu hədəfə nail olmaq üçün çalışmalıdır. Çünki növbəti zəfərimiz texnoloji yeniliklər üzərində olmalıdır”…- Siyasi şərhçi əlavə edib.










