Gürcüstandan gələn çağırışa azərbaycanlı alimdən cavab
Son iki gündür Gürcüstandan ictimai fəallar və alimlər tərəfindən ona müraciətlər daxil olduğunu bildirən müəllif, iki dövlət arasında dostluq münasibətlərinin xatirinə Keşikçi dağ məbədi ilə bağlı paylaşımını silməsinin istənildiyini deyib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, ona müraciət edən şəxslər xristian olduqlarını və kilsə və digər dini abidələrin onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, statusunu siləcəyi təqdirdə bunun Azərbaycan üçün müsbət mövqe nümayiş etdirəcəklərini bildiriblər.
Alim isə bu təklifə etiraz etmədən qarşı tərəfə başqa bir təklif irəli sürüb:
“1992-ci ildən 2020-ci ilə qədər işğal altında olan ərazilərdə Qafqaz Albaniyasına aid kilsə, məbəd və digər xristian abidələrinin dağıdılması ilə bağlı da mövqe bildirsinlər. Xristian olaraq onların müdafiəsinə qalxsınlar və ermənilərdən bunun izahını tələb etsinlər”.
Zaur Əliyevin sözlərinə görə, bunun üçün bütün Qarabağ ərazisindəki dini abidələri araşdırmağa belə ehtiyac yoxdur. O, yalnız Ağdərə rayonu ərazisində yerləşən qədim xristian abidələrinin araşdırılmasını təklif edib:
“Bütün Qarabağı kənara qoyaq, çoxsaylı məbəd və kilsələri demirəm. Təkcə bir ərazidə olanları araşdırsınlar və yazsınlar. Ağdərə rayonu ərazisində, Suqovuşan, Vəng və digər kəndlərdə olan qədim xristian kilsələrinin aqibəti ilə bağlı ermənilərdən izah istəsinlər”.
Alim qeyd edib ki, zərurət yaranarsa, həmin dini abidələrin yerləşdiyi məkanların koordinatlarını, kilsələrin adlarını və fotoşəkillərini də gürcü fəallara təqdim edə bilər:
“Lazımdırsa, location da verirəm, kilsələrin adlarını da yazıram və fotolarını da onlara verirəm. Sadəcə, gürcü özünü xristian hesab edirsə, ermənilərdən bunun izahını istəsin”.
Zaur Əliyev hesab edir ki, əgər Gürcüstandan ona müraciət edən şəxslərin mövqeyi həqiqətən dini və xristian abidələrinin müdafiəsi ilə bağlıdırsa, bu yanaşma bütün xristian dini abidələrinə münasibətdə eyni şəkildə nümayiş etdirilməlidir.
“Xristian xristiana bu sualı versin. Əgər gürcülər bunu yazıb tələb formasında soruşsalar, söz verirəm, onlar haqqında daha heç nə yazmayacağam”, – deyə o bildirib.
Alim vurğulayıb ki, Azərbaycanın xristian olmamasına baxmayaraq, ölkənin işğaldan azad edilmiş ərazilərində tarixi-dini irsin qorunması istiqamətində iş aparılıb:
“Biz xristian olmasaq da, ‘xristian’ ermənilərdən dağıdılmış məbəd, kilsə və abidələri xilas etdik. İndi gürcülər də xristian olaraq öz din qardaşlarından ‘bunu niyə belə etdiniz?’ sualına cavab alsınlar”.
Zaur Əliyev əlavə edib ki, bu məsələ ilə bağlı gürcü tərəfinin konkret mövqe ortaya qoyması onun üçün onların yanaşmasının mahiyyətini müəyyənləşdirməyə imkan verəcək:
“Onda inanacağam ki, gürcülərin kilsə mübarizəsi həqiqətən dinlərinə görədir, Rusiyanın oynadığı oyuna görə deyil. Onlar öz dinlərinə görə tələb edirlər, Rusiya kəşfiyyatının dediyi sözləri demirlər”.
Əli Fərhad









