Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir?
“Özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri icazə verilməyən torpaqlarda tikintinin aparılmasıdır”.
ERAmedia xəbər verir ki, bunu APA-ya və “Xəzər” TV-yə müsahibəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, tikinti qadağan olunan ərazilər qanunvericilikdə müəyyən edilib:
“Bunların kateqoriyasına kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər aiddir. Bu ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. Ancaq müəyyən istisna halları var”.
M.Eynullayev qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən tikintilərin aparılmasına icazə verilir, lakin bunun üçün konkret şərtlər mövcuddur:
“Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bunun da şərtləri var. Burada mütləq tələb ondan ibarətdir ki, mülkiyyətdə və icarədə olan torpağın həcmi 5 hektardan az olmasın və tikinti aparıla bilən sahə bunun 1 faizindən artıq olmasın”.
Onun sözlərinə görə, 5 hektar torpaqda tikinti sahəsi 500 kvadratmetrdən artıq ola bilməz.
“Əgər biz 5 hektardan danışırıqsa, bu 500 kvadratmetr deməkdir ki, tikinti ondan artıq ola bilməz. Başqa tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılması qanunla qadağandır. O cümlədən, həmin ərazilərdə fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının tikintisini qanun qadağan edib”.
Dövlət Xidmətinin rəisi tikintinin qadağan olunduğu digər ərazilərdən də danışıb:
“Bundan əlavə, tikintinin qadağa olunduğu digər ərazilər mühəndis kommunikasiya infrastrukturu obyektlərin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlardır. Buraya kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər və onların mühafizə zonaları daxildir”.
O bildirib ki, bu ərazilərdə tikintiyə icazə verilməməsinin əsas səbəblərindən biri təhlükəsizliklə bağlıdır:
“İkinci daha vacib məqam insan həyatı və sağlamlığı üçün, eyni zamanda insanların əmlakı üçün yaratdığı təhlükədir. Bu, potensial risk mənbəyidir. Ona görə, həmin obyektlərin yaxınlığında, xüsusən də onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır. Həmin kommunikasiya xətləri oradan köçürülmədiyi təqdirdə orada ev tikintisinin aparılması və onların sənədləşdirilməsi mümkün deyil”.









