media-24e09edc-a5fb-403b-affd-2dccba81f6ab

media-media-photo_5463144451887795364_m-ka3f0s

Rəsul Mirhəşimli

Təsəvvüfə görə, hər şeyin qaynağı Allahdır. Kainatın varlığı Allahın gözəlliyinin təcəllasıdır. Allah tək gözəllikdir və tək varlıqdır. İnsanın bu dünyaya göndərilməsi qürbətə gəlişidir. Qürbətdə olan kimsə vətənə qovuşmağın həsrətini çəkdiyi kimi, kamil insan da Allaha qovuşmağın həsrətini çəkər. Ona qovuşmaq üçün cəhd edənlərə və Onun mütləq və tayı-bərabəri olan gözəlliyinə heyran olanlara Aşiq deyilir. Təsəvvüf ədəbiyyatı daha çox Aşiqin öz sevgilisinə duyduğu halları simvol və rəmzlərin dili ilə tərənnüm edir. Eşq bəzən Aşiqi o həddə qədər sarır ki, özünü də unudur. Belə nümunələrdən biri Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindədir:

Öylə sərməstəm, idrak etməzəm dünya nədir?
Mən kiməm, aşiq olan kimdir, meyi-səhpa nədir?

Aşiqin bir eşqin yolunda özünü tanıya bilməməsi artıq bu eşqin kulminasiya səviyyəsidir. Burda şairin təqdim etdiyi Aşiq nəfsi varlıq və həvəslərindən azad olmuş insandır. İslam fəlsəfi fikrinə görə, ürəyin genişlənib sevincə qərq olması, yəni ilahi eşqlə dolmağı və öz cismani varlığından qurtuluşuna məstlik deyilir. Lahici bu anlamı Haqqın camalının müşahidəsindən salikin qəlbinə çökən heyrət və heyranlıq kimi izah edir:

“Məhbubun məhəbbətinə qərq olaraq, öz varlığını unudan aşiqlər isə siyah-məst adlanır. Füzulinin qəhrəmanı burda həmin haldadır. Mey isə Haqqı xatırlamaqla arifin qəlbində yaranan və onu məst edən zövqdür. Mey eşqin rəmzidir və Haqqın müxtəlif təcəlləsinə işarədir. Mey eşqin coşqunluq dərəcəsinə deyilir” (Nəsib Göyüşov, Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı-2001).

Mey sözünün simvol və rəmz olaraq anlaşılması üçün bəzi araşdırıcılar əbcəd hesabını da təklif edirlər. “Mim” və “Yə” hərflərindən yaranan mey sözünün əbcəd hesabı on dörddür. On dörd məsum və ya kimsənə nəzərdə tutulur. Bunu dərk edən kəs sevgidən məst olur. Yəni, mey sözü ilə bağlı müxtəlif məqamların ortaya çıxdığını müşahidə etmək mümkündür…

Təsəvvüfün mərkəzində duran anlayışlardan biri eşqdir. Lakin bu eşq adi cismani sevgidən fərqlidir. Adına ilahi eşq deyilir. Təsəvvüf fəlsəfəsində eşq bəndəni Yaradanla birləşdirən körpüdür. Ariflər hesab edir ki, eşq olmasaydı, bu kainat yaranmazdı.

Bu fikirə görə, Allah insanı eşqlə yaratmış və ona “eşq yolu”nu göstərib. Arifin bu yolda addımlaması, nəfsindən keçməsi və “fəna fillah” məqamına çatması məqsəd hesab olunur. “Fəna” heçlik anlamına gəlir, özündən keçmək, yəni varlığını yox etməkdir. Bu mərhələdə salik (yəni sufi yolçusu) “Mən” deməz, yalnız “O” deyər. Bu isə artıq Bəqabillah, yəni Allahla qalmaq halına aparan yoldur.

Sufizmdə mey insanların düşündüyü içki anlamına gəlmir. Təsəvvüfə görə, mey ilahi eşqdən məstlik anlamını daşıyır. Bu məstlik şüurun ali mərhələyə yüksəlişidir. Başqa sözlə, “mey” zikrin, şüurun, dərin eşqin təcəllasıdır. Sufi terminologiyasında mey içmək Haqqın camalına bir anlıq nəzər yetirməkdir.

Təsəvvüf ədəbiyyatında bir çox deyimlər və rəmzi anlayışlar mövcuddur. Bu rəmzlər həm şeirə estetik dəyər qatır, həm də oxucunu düşünməyə vadar edir.

Qeyd edək ki, Məhəmməd Füzuli klassik şərq poeziyasının təsəvvüf ruhunu ən güclü şəkildə ifadə edən şairlərdəndir. Onun yaradıcılığında cismani eşq bəhanədir, məqsəd ilahi eşqə çatmaqdır. “Leyli və Məcnun” poemasında Məcnun obrazı sıradan bir aşiq deyil, vüsala can atan sufidir. Onun sevgisi onu maddi aləmdən qoparıb Haqqa aparır.
Sufizmin mahiyyəti cismani varlıqdan keçərək ruhani aləmə doğru yol alan səfərdir. Bu səfərdə eşq, mey, məstlik, Fəna və Bəqa kimi anlayışlar insana həm bədii-estetik, həm də fəlsəfi baxış bucağı verir.

Füzuli kimi şairlərin ədəbiyyatımızda yaratdığı əsərlər bu mənəvi yolun poetik ifadəsidir. Bu əsərlər həm klassik irsin, həm də insanın Allaha doğru olan yolçuluğunun unudulmaz nişanələridir.

 


media-adspc

Bənzər xəbərlər