...hədəf Türkiyə və ya Azərbaycan deyil, hədəf qızıl almadır! - AÇIQLAMA
“Azərbaycanda Türkiyə əsla hədəfə alınmaz. Buna ümid edənlər var və son günlərdə ciddi canfəşanlıq edirlər. Elə Türkiyədə də eyni ümidlə yaşayanların fəaliyyətini yaxından izləyirik. Amma anlamırlar ki, nə Azərbaycanda Türkiyə hədəfə alınar, nə də Türkiyədə Azərbaycan. Əslində hərbi-siyasi müttəfiq olan iki qardaş ölkə hədəflərini birlikdə müəyyənləşdirir və fəaliyyətlərini də bu istiqamətdə qururlar. Razıyam ki, bəzən hansısa məsələlərdə fikir ayrılıqları yaranır və bu müzakirə olunaraq yoluna qoyulur”.
Bu sözləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Araz Xan deyib.
Onun sözlərinə görə, biz bir ailəyik və ailə daxilində olan problemlərimizi bu dəfə də danışıb həll edəcəyik. Buna heç kimin şübhəsi olmasın.
“Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlər heç bir halda bir qrup sosial şəbəkə fəalının paylaşımları ilə idarə olunmur. Əgər münasibətləri qiymətləndirmək lazımdırsa, bunun üçün əldə olunan razılaşmalar və onların necə icra olunma səviyyəsi əsas götürülə bilər. Düşünürəm ki, bu gün münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran qardaş dövlətlər addımlarını da Şuşada imzaladıqları sənədə uyğun atırlar. Elə son günlərdə hərbi texnikanın alınması məqsədilə imzalanan yarım milyonluq saziş də, Türkiyə-Azərbaycan-Özbəkistan hərbi təlimləri də bunun bariz nümunəsidir. Bir sözlə hədəf Türkiyə və ya Azərbaycan deyil, hədəf qızıl almadır!” -deyə Araz Xan qeyd edib.
Mələk Onur









