Hər an müharibə başlaya bilər - Sürgün yeri kimi Türkiyəni seçdilər
ABŞ ilə Venesuela arasında gərginlik artdığı bir vaxtda “Washington Post” qəzetində dərc edilən analiz beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Eramedia xəbər verir ki, nəşr Venesuela Prezidenti Nikolas Maduronun vəzifədən uzaqlaşdırılması və ya devrilməsi halında Türkiyəyə sığınma ehtimalının müzakirə edildiyini iddia edib.
“Maduronun Türkiyə ilə əlaqələri mümkün sürgün yolunu asanlaşdıra bilər” başlıqlı yazıda adı açıqlanmayan bir rəsminin sözlərinə istinad edilib. Həmin mənbə Maduronun Türkiyəyə sığınacağı təqdirdə, imzalanacaq potensial razılaşmanın ABŞ-a təhvil verilməyəcəyinə dair zəmanətlər də ehtiva edə biləcəyini bildirib.
“Washington Post”a danışan mənbə Maduronun Türkiyəni “güvənli seçim” kimi gördüyünü deyib.
“Türkiyə onun üçün mükəmməl yerdir. Maduro, Ərdoğana güvənir və Ərdoğanın Trampla münasibətləri yaxşıdır. İnsanlar bunu düşünür və üzərində işləyirlər”, – mənbə bildirib.
Son günlər ABŞ Maduro və yüksəkvəzifəli venesuelalı rəsmilərin idarə etdiyini iddia etdiyi “Cartel de los Soles” adlı qruplaşmanı Xarici Terror Təşkilatları (FTO) siyahısına daxil edib. Karakas bu addımı ölkəyə mümkün müdaxilənin bəhanəsi kimi qiymətləndirib. Gərginliyi artıran digər bir hadisə isə ABŞ-ın dünyanın ən böyük təyyarədaşıyan gəmilərindən olan “USS Gerald R. Ford” gəmisini və ona bağlı zərbə qrupunu Latın Amerikası bölgəsinə göndərməsi olub. Maduro buna cavab olaraq ölkədə 4,5 milyon nəfərlik milis qüvvəsinin səfərbər edildiyini və mümkün hücuma hazır olduqlarını açıqlayıb.
Eyni zamanda, ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuela ilə siyasi gərginlik fonunda “narkotik qaçaqmalçılığı ilə mübarizə” məqsədilə Karib hövzəsinə göndərilən “USS Gerald R. Ford” gəmisini ziyarət edərək hərbçilərlə Şükran Günü yeməyində iştirak edib.
ABŞ Prezidenti Donald Tramp son həftələr çox sayda venesuelalı narkotik qaçaqmalçısını zərərsizləşdirdiklərini iddia edərək, bu sahədə “tam uğur əldə etdiklərini” bildirib. O, Venesueladan gələn narkotik maddələrin ABŞ-da hər il yüz minlərlə insanın ölümünə səbəb olduğunu deyib və bunun qarşısını almaqda qərarlı olduqlarını vurğulayıb. Tramp narkotiklərin ABŞ-a dəniz yolu ilə daşınmasının böyük ölçüdə azaldığını diqqətə çatdıraraq əlavə edib.
“Onları qurudan da dayandırmağa başlayacağıq. Quru sərhəddə bunu etmək daha asandır və bu çox yaxın vaxtda baş verəcək”, – Tramp bildirib.
Əli Fərhad










