media-nura-suri

Bəzən insan işdə, münasibətlərdə və həyatının müxtəlif sahələrində kiməsə lazım olduğunu və sevildiyini hiss etmək üçün özünü həddindən artıq yorur.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə paylaşımında insanların özlərini sevdirməyə və dəyərli olduqlarını sübut etməyə çalışarkən həddindən artıq yüklənməməsinin vacibliyinə diqqət çəkib.

O bildirib ki, insan bəzən əlindən gələndən də artığını edir ki, heç olmasa kimsə ona “Sən mənim üçün önəmlisən. Sənə ehtiyacım var. Sən yaxşı insansan” desin.

Nura Suri qeyd edib ki, insanın bəzən ehtiyacı olan şey başqalarına dəstək vermək deyil, özü üçün qayğı və sevgi görməkdir:

“Əgər sən də belə edirsənsə, bir az dayan. Sevgiyə layiq olduğunu sübut etmək üçün artıq kifayət qədər şey etmisən”.

Müğənni vurğulayıb ki, insan hər zaman özünü yormağa məcbur deyil və sadəcə olduğu kimi yaşamağa haqqı var. Onun sözlərinə görə, özünə qayğı göstərməyi və özünü sevməyi yavaş-yavaş öyrənmək mümkündür.

“Yaşadığını hiss etmək üçün özünə əziyyət verməli deyilsən. Sən sadəcə var olduğun üçün sevgiyə və qayğıya layiqsən. Dincəlməyə, sevilməyə, qayğı və dəstək görməyə haqqın var”, – deyə Nura Suri bildirib.

O, həmçinin hər kəsin problemini həll etməyin və hamını xilas etməyin insanın üzərinə düşən vəzifə olmadığını qeyd edib.

Nura Suri insanlara öz hisslərini qəbul etməyi də tövsiyə edib:

“Mənim də hiss etməyə, ağlamağa, kömək istəməyə və bəzən zəif olmağa haqqım var”.

Müğənni qeyd edib ki, insanın daxilində uşaqlıqdan sevgi və qayğı gözləyən bir tərəf var. Onun sözlərinə görə, həmin tərəfin əziyyətə deyil, anlayış və sevgiyə ehtiyacı var.

“Əgər o vaxt bunu sənə heç kim verməyibsə, indi sən özün özünə verə bilərsən”, – deyə Nura Suri fikirlərini yekunlaşdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər