Hərbi qulluqçularımız dağçılıq təlimində
Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Təməl Yay Dağ Təlimi” kursu başa çatıb.
ERAmedia-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim müddətində hərbi qulluqçular şaquli istiqamətdə hərəkət və enmə, xüsusi dağçılıq avadanlıqlarından, əl və ayaq texnikalarından istifadə edərək qayalara dırmanma, həmçinin dağlıq və qayalıq ərazilərdə müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər.
Bağlanış mərasimində çıxış edənlər kurs iştirakçılarının əldə etdikləri bilik və bacarıqların əhəmiyyətini, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçuları arasında birgə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Kursun keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dağlıq və qayalıq ərazilərdə fəaliyyəti üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi, dağçılıq avadanlıqlarından düzgün və təhlükəsiz istifadə vərdişlərinin artırılması, eləcə də iştirakçı ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılması olub.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.










