Heydər Əliyev Fondu tərəfindən Göytəpədə inşa olunan məktəb binası istifadəyə verilib-FOTO
Cəlilabad rayonunun Göytəpə şəhərində yeni məktəb binası istifadəyə verilib.
ERAmedia xəbər verir ki, Göytəpə şəhərində yerləşən Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin oktyabr ayında başlanılmışdı. Qısa müddətdə tikinti işləri başa çatdırılıb, müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub. Üçmərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagird yerlikdir. Burada müasir standartlara uyğun sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq ministadion – idman meydançası fəaliyyət göstərəcək.
Məktəb zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yeni məktəb binasının istifadəyə verilməsi ən çox müəllim heyətini və şagirdləri sevindirib. Onların fikrincə, yaradılan müasir təhsil mühiti dərslərin daha keyfiyyətli keçirilməsinə şərait yaradacaq, eyni zamanda, şagirdlərin müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının inkişafına geniş imkan açacaq.
Məktəbin şagirdi Aybəniz Əkbərova sevincini belə ifadə edib: “Mənim üçün ən sevincli günlərdən biridir. Çünki artıq yeni, geniş və rahat dərs otaqlarında oxuyacağıq. Burada hər şey müasir tələblərə uyğundur, laboratoriyalar, idman zalı, kitabxana bizə dərslərimizi daha yaxşı oxumaq üçün böyük imkanlar yaradır. Mən bu məktəbdə daha yaxşı nəticələr göstərmək və gələcəkdə ölkəmə layiqli vətəndaş olmaq istəyirəm”.
Məktəbin müəllimi Nuranə Eynullayeva isə bildirib ki, belə şəraitdə dərs keçmək hər bir pedaqoqun arzusudur: “Müasir avadanlıqlarla təmin olunmuş sinif otaqları, fənn kabinetləri və laboratoriyalar dərslərin keyfiyyətini yüksəldəcək. Uşaqlar artıq bilikləri yalnız nəzəri şəkildə deyil, praktiki olaraq da öyrənə biləcəklər. Biz müəllimlər üçün də bu məktəbin istifadəyə verilməsi böyük bayramdır”.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov qeyd edib ki, istifadəyə verilən bu təhsil ocağı bölgənin ən müasir məktəblərindən biri olacaq. “Burada yaradılan şərait şagirdlərin həm dərslərdə, həm də əlavə fəaliyyətlərdə uğur qazanmasına geniş imkanlar açır. Əminik ki, bu məktəb həm müəllimlərin səmərəli fəaliyyətinə, həm də şagirdlərin yüksək bilik və bacarıqlara yiyələnməsinə böyük təkan verəcək”, – deyə o vurğulayıb.