"Heydər Əliyevin ideyaları yaşayır və davam etdirilir" - Aslan Aslanov
“Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir pay idi. Mən bu kitabı yazmaqla onun qarşısında öz tarixi və mənəvi borcumu yerinə yetirməyə çalışmışam”.
ERAmedia xəbər verir ki, bunu “Heydər Əliyevin diplomatiya dərsləri – 1-ci kitab” adlı nəşrin təqdimat mərasimində jurnalistlərə açıqlama verən müəllif Aslan Aslanov deyib.
“Tale elə gətirdi ki, mən dahi Heydər Əliyevin 1993-cü il iyunun 11-də Elmlər Akademiyasının Rəyasət Heyətində keçirdiyi ilk görüşdən başlayaraq 2003-cü ilə qədər keçirilən görüşlərinin böyük əksəriyyətində iştirak etmişəm. Dünyanın harasına getmişiksə, Heydər Əliyevi sözün həqiqi mənasında ən yüksək səviyyədə qarşılayıblar. O, diplomatik məharəti və dövlət xadimi kimi dünyanın ən nüfuzlu liderləri tərəfindən böyük hörmətlə qəbul edilirdi.
Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi olduğu kimi, azad və müstəqil Azərbaycan mətbuatının da əsasını qoyan şəxs idi. Həmin dövrdə Azərbaycanda dövlət başçısının fəaliyyətinin peşəkar şəkildə işıqlandırılması təcrübəsi yox idi. İkitərəfli görüşlərin, geniş tərkibli tədbirlərin, xarici səfərlərin necə işıqlandırılması, hansı məqamlara xüsusi diqqət yetirilməsi lazım olduğunu Heydər Əliyev bir-bir mənə öyrədib.
Mən bu gün də fəxr edirəm ki, Heydər Əliyevin ideyaları yaşayır və davam etdirilir”, – deyə A.Aslanov bildirib.










