Hikmət Quliyev beynəlxalq elmi simpoziumda çıxış edib
Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol xalq düşüncəsinin səsdə və sözdə müxtəlif formaları ilə ifadəsidir.
ERAmedia xəbər verir ki, bu fikri AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacibəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumunda çıxış edərkən söyləyib.
Alim qeyd edib ki, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” devizinə uyğun olaraq, simpoziumda Türk dünyasını birləşdirən iki böyük zirvə – Aşıq Ələsgər və Üzeyir Hacıbəyli yaradıcılığı diqqət mərkəzinə gətirilib.
“Hesab edirəm ki, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol, əslində Türk dünyasının ortaq mədəni kodlarını özündə ehtiva edən yoldur”, – deyən Hikmət Quliyev vurğulayıb ki, Aşıq Ələsgərlə Üzeyir Hacıbəylinin “ünsiyyəti” türk etnomədəni semiosferində baş verir. Direktorun sözlərinə görə, Aşıq Ələsgərin saz və söz üzərində qurduğu estetik model Üzeyir Hacıbəylinin yaradıcılığında musiqi və klassik formaya köçürülüb. Aşıq Ələsgər klassik aşıq poeziyasını zirvəyə yüksəltdiyi kimi, Üzeyir Hacıbəyli də xalq yaradıcılığı ənənələrindən bəhrələnərək onları professional musiqi müstəvisinə gətirib.
“Üzeyir bəyin bütün yaradıcılığında bəhrələndiyi ən mühüm qaynaqlardan biri məhz xalq yaradıcılığı, Aşıq musiqisi, bütövlükdə kollektiv mədəni yaddaşdır. O, Avropa musiqisinin peşəkar janrlarını milli musiqi ilə sintez edərək, aşıq yaradıcılığı və muğamın genetik kodlarından bəhrələnmiş, yeni, bənzərsiz bir üslub yaratmışdır. Bu mənada, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol sözlə səsin, ənənə ilə klassikanın vəhdətini ifadə edir”, – deyə Hikmət Quliyev əlavə edib.