Hikmət Quliyev beynəlxalq konfransda çıxış edib - FOTO

1–2 oktyabr 2026-cı il tarixlərində Qazaxıstanın Aqtöbe şəhərində M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun təşkilatçılığı, Aqtöbe vilayəti Akimatının dəstəyi, Ə. Jübanov adına Aqtöbe Regional Universiteti və Aqtöbe Regional Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: «Koblandı batır» dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransın əsas məqsədi “Koblandı batır” dastanının tarixi-mədəni, ədəbi və mənəvi əhəmiyyətinin araşdırılması, Türk xalqlarının ortaq epik irsindəki yerinin müəyyənləşdirilməsi, dastanın qorunması və müasir mədəni məkanda yaşadılması məsələlərinin müzakirə edilməsi olub.
ERAmedia xəbər verir ki, konfransın plenar iclasında AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev “Koblandı batır dastanında epik qəhrəmanın inisiasiya modeli: metaforik-simvolik analiz” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qazax qəhrəmanlıq eposu “Koblandı batır”da epik qəhrəmanın inisiasiya modeli metaforik-simvolik və struktur-semantik yanaşmalar əsasında təhlil olunub. Tədqiqatda Koblandının qəhrəmanlıq statusunun formalaşması və müxtəlif süjet situasiyalarında yenidən qurulmasını şərtləndirən mərhələlər araşdırılıb, bu mərhələlərdə iştirak edən obraz, məkan, əşya və hərəkətlərin inisiasiya semantikası üzə çıxarılıb.
Hikmət Quliyev qeyd edib ki, dastanda Koblandının qəhrəmanlıq statusu əvvəldən hazır və dəyişməz keyfiyyət kimi təqdim olunmur. Qəhrəmanın doğuluşu, uşaqlıqdan ayrılması, Estemisin yanında hazırlanması, ovçuluq, atçılıq və oxatma təcrübəsi qazanması, Kürtkanın əldə edilməsi, Tayburılın seçilməsi, düşmənlərlə qarşıdurmaları, əsirlik, azadlıq və doğma elə qayıdışı onun qəhrəmanlıq statusunun müxtəlif mərhələlərdə formalaşması və təsdiqlənməsi ilə əlaqələndirilir.
Məruzədə inisiasiyanın konkret ritualın epik təsviri kimi deyil, qəhrəmanın bir statusdan digərinə keçidini təşkil edən struktur-semantik model kimi nəzərdən keçirildiyi vurğulanıb. Bu yanaşma Arnold van Gennepin keçid mərasimləri nəzəriyyəsi, Viktor Turnerin liminallıq konsepsiyası, Otto Rankın qəhrəmanın doğuluşu modeli, Lord Raqlanın qəhrəman sxemi və Alan Dandesin qəhrəman modeli ilə bağlı nəzəri yanaşmaları əsasında əsaslandırılıb.
Tədqiqatda xüsusilə Koblandının qızılbaş Qazan xan üzərinə yürüşündən – qarşıdakı təhlükəli döyüşdən əvvəl ailəsi ilə vidalaşmasının eposda verilən təfərrüatlı təsvirlərinə diqqət yetirilmişdir. Alim bu səhnəni “dramatik vidalaşma” kimi səciyyələndirərək, xüsusilə qəhrəmanın anası ilə vidalaşması və ana döşü ilə təması detalı üzərində dayanmışdır. Bu məqam “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac boyu”nda atası tərəfindən ölümcül vəziyyətə salınan Buğacın Xızırın məsləhəti ilə ana südü vasitəsilə xilas olması motivi ilə müqayisə edilmişdir. Bu müqayisə əsasında ana döşü ilə təmasın hər hansı konkret qədim ritualın birbaşa qalığı kimi deyil, epik mətn daxilində yenidən mənalandırılmış metaforik-simvolik detal kimi anlaşılması təklif olunur. Beləliklə, qəhrəmanın təhlükəli sınaqdan əvvəl ilkin doğuluşunun semantik mənbəyinə – ana döşünə qayıtması doğuluş–ayrılma–yenidən doğuluş modelinin epik ifadəsi kimi çıxış edir. Ana ilə vidalaşma və ana döşü ilə təmas qəhrəmanın qarşıdakı sınağa hazırlanmasını, həyati təhlükə qarşısında yenilənməsini və qəhrəmanlıq statusunun yenidən aktuallaşmasını simvolizə edən metaforik-simvolik məna daşıyır.
Məruzədə Koblandının əsirlik mərhələsi də xüsusi təhlil olunub. Qəhrəmanın silahından, Tayburıldan, azadlığından və döyüş imkanından məhrum edilməsi onun qəhrəmanlıq funksiyasının müvəqqəti dayandırıldığı liminal vəziyyət kimi təqdim edilib. Bu mərhələ şərti olaraq “simvolik ölüm” semantikası ilə əlaqələndirilib. Karlığanın müdaxiləsi, Tayburılın səsi, silahların qaytarılması və Koblandının yenidən döyüşə qoşulması isə qəhrəmanlıq statusunun bərpası və “yenidən doğuluş” mərhələsi kimi təhlil olunub.
Çıxışda həmçinin Estemisin Koblandının hazırlanmasında, Kürtkanın qəhrəmanın fəaliyyətinin formalaşması və Tayburılın yetişdirilməsində, Karlığanın isə onun böhran vəziyyətindən çıxarılmasında və döyüş fəaliyyətinin bərpasında mühüm funksiyalar daşıdığı göstərilib. Tayburılın isə Koblandının hərəkət və döyüş imkanları ilə semantik-funksional bütövlük təşkil edən mühüm epik atribut olduğu qeyd edilib.
Araşdırmanın mühüm nəticələrindən biri də Koblandı ilə oğlu Bökenbayın bioqrafiyaları arasında struktur paralelliyin müəyyənləşdirilməsidir. Bökenbayın erkən yaşlarından qeyri-adi qəhrəmanlıq xüsusiyyətləri nümayiş etdirməsi, Estemisin saxladığı ilxıya getməsi, at və döyüşlə bağlı təcrübə qazanması Koblandının qəhrəmanlıq yolunun yeni nəsildə təkrarlanması kimi şərh olunub. Bu baxımdan inisiasiya modelinin yalnız fərdi qəhrəmanın bioqrafiyasını deyil, qəhrəmanlıq statusunun nəsildən-nəslə ötürülməsini təmin edən epik mexanizm olduğu vurğulanıb.
Məruzənin sonunda Hikmət Quliyev qeyd edib ki, “Koblandı batır” dastanında inisiasiya düzxətli və birdəfəlik proses deyil. Doğuluş, ayrılma, sınaq, status qazanma, böhran, yenidən status qazanma, reinteqrasiya və nəsil daxilində təkrar mərhələlərindən ibarət bu model hər yeni sınaqda qəhrəmanlıq statusunu yenidən qurur və fərdi qəhrəmanlıq bioqrafiyasını kollektiv epik yaddaşın davamlılığı ilə əlaqələndirir.









