Hikmət Quliyev: “Tələbələrin elmi-tədqiqat təcrübəsində iştirakı onların yeni bilik və bacarıqlar qazanması üçün uğurlu platformadır”
Bu fikirləri AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin Filologiya ixtisası üzrə IV kurs tələbələrinə sertifikatların təqdim olunması mərasimində səsləndirib.
2025–2026-cı tədris ilinin payız semestri çərçivəsində Xəzər Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri AMEA Folklor İnstitutunda folklorşünaslıq üzrə elmi-tədqiqat təcrübəsini uğurla başa vurublar.
Mərasimdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev institutla universitet arasında mövcud elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür təcrübə proqramları tələbələrin elmi dünyagörüşünün formalaşmasında, folklorşünaslıq sahəsində praktik bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır. Alim həmçinin qeyd edib ki, tələbələrin elmi mühitə erkən mərhələdə inteqrasiyası onların gələcək elmi kariyerasına ciddi töhfə verə bilər.
Hikmət Quliyev çıxışında diqqətə çatdırıb ki, oktyabr ayının əvvəlindən dekabr ayının sonunadək olan müddət ərzində tələbələr AMEA Folklor İnstitutunun fəaliyyəti ilə yaxından tanış olmuş, folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlar və nəşrlər barədə ətraflı məlumat əldə ediblər. Təcrübə müddətində tələbələr institutun təşkilatçılığı ilə keçirilən bir sıra mühüm elmi tədbirlərdə, o cümlədən I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” II Respublika elmi konfransında, “Laçın: mədəni yaddaşın folklordan görünən izləri”, Qarabağda Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı”, eləcə də “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzularında keçirilən elmi sessiyalarda fəal iştirak edərək məruzə və çıxışlarlar ediblər.
Direktor həmçinin vurğulayıb ki, elmi-tədqiqat təcrübəsi çərçivəsində müasir folklorşünaslığın aktual problemləri, “xalq” və “bilik” anlayışlarının semantik çərçivəsi, rəqəmsal transformasiyalar və süni intellektin folklor tədqiqatlarında tətbiqi kimi məsələlər müzakirə olunub. Bununla yanaşı, virtual sosial şəbəkələrdə formalaşan yeni trend və tendensiyalar milli-mənəvi dəyərlərin qorunması və təhlükəsizliyi kontekstində təhlil edilib.
Folklorşünaslıq üzrə elmi-tədqiqat təcrübəsinin nəticələrinin qiymətləndirilməsi meyarlarından bəhs edən Hikmət Quliyev bildirib ki, tələbələrin fəaliyyətləri altı əsas komponent üzrə, o cümlədən təcrübədə iştirak səviyyəsi, təqdimat hazırlama bacarığı, elmi müzakirələrdə fəallıq, tezis və yekun hesabatların hazırlanması, eləcə də sahədən folklor faktlarının qeydə alınması meyarları əsasında qiymətləndirilib.
Tədbirdə çıxış edən Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova qeyd edib ki, müasir dövrün tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yalnız auditoriya mühitində nəzəri biliklərin verilməsi kifayət etmir. Onun sözlərinə görə, praktiki və elmi-tədqiqat təcrübəsi, alim və tədqiqatçılarla bilavasitə ünsiyyət, elmi mənbələrdən istifadə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dilbər Zeynalova vurğulayıb ki, AMEA Folklor İnstitutunda yaradılan şərait, peşəkar və məsuliyyətli yanaşma tələbələrin elmi-tədqiqat təcrübələrinin yüksək səviyyədə təşkilinə və bilik-bacarıqlarının müasir tələblərə uyğun formalaşmasına imkan yaradıb.
Daha sonra Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova və Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova çıxış edərək tələbələrin təcrübə müddətində fəal iştirakını və elmi-tədqiqat işlərinə böyük maraq göstərdiklərini xüsusi vurğulayıblar.
Tədbirin sonunda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev tələbələrə sertifikatları təqdim edib.










