Hikmət Quliyevin Qazax Müəllimlər Seminariyasında məruzəsi dinlənilib
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Üzeyir Hacıbəyli: Bir müəllimin 140 illik manifesti” adlı tədbir keçirilib.
ERAmedia – ya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutundan bildirilib ki, paneldə müzakirədə bu elmi müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Üzeyir Hacıbəyli yaradıcılığında folklor motivləri: arxetipik düşüncə və simvolik məna” mövzusunda məruzə ilə çıxış edib. Hikmət Quliyev məruzəsində Üzeyir Hacıbəyli yaradıcılığının yalnız bəstəkarlıq və musiqi nəzəriyyəsi baxımından deyil, həm də kollektiv yaddaşın, milli-mədəni arxetiplərin daşıyıcısı kimi təhlil olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Üzeyir bəyin əsərlərindəki musiqi materialı, ideya yükü və süjet quruluşu milli folklor motivləri ilə sıx bağlıdır. Bu bağlılıq bəzən birbaşa istifadə, bəzən isə dərin mədəni arxetiplərin qeyri-şüuri şəkildə sənətə transformasiyası kimi təzahür edir.
Məruzədə xüsusi olaraq vurğulanıb ki, Üzeyir Hacıbəylinin fenomenallığı təkcə musiqi dili ilə deyil, həm də onun kollektiv mədəni yaddaşa istinad edən yaradıcılıq metodologiyası ilə izah olunmalıdır. Dahi bəstəkar folklorun yalnız forma və məzmunundan deyil, onun daşıdığı simvolik anlamlar, mental strukturlar və davranış kodlarından da bəhrələnib. Hikmət Quliyev Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu” kimi operalarının xalq dastanları və aşıq sənətinə söykəndiyini, lakin bunun səthi bir uyğunlaşdırma deyil, sistemli və konseptual sintez olduğunu bildirib. O vurğulayıb ki, “Koroğlu” operasının aşıq sənəti üslubunda qurulması, Xalq Çalğı Alətləri Orkestrinin yaradılması, sazın və şifahi ənənənin peşəkar səhnəyə gətirilməsi məhz bu sintez yanaşmasının bariz nümunələridir.
Panel müzakirəsində təqdim olunan məruzənin ən mühüm hissələrindən biri də “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi musiqili komediyaların folklor və arxetiplərlə əlaqəli şəkildə şərhi olub. Hikmət Quliyev bu əsərlərdə ənənəvi ailə modeli, gender münasibətləri, sosial stereotiplər və davranış nümunələrinin folklorda mövcud olan “cilddəyişmə” (təğyiri-libas) motivi əsasında qurulduğunu elmi əsaslarla izah edib. O bildirib ki, Əsgər obrazının arşın mal satan cildinə girməsi təkcə süjet gedişinə dinamiklik qatan dramaturji üsul deyil, həm də klassik folklor motivinin – qəhrəmanın məqsədə çatmaq üçün kimliyini gizlətməsi – müasir bədii kontekstdə uğurlu istifadəsidir. Bu motiv “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, eləcə də digər xalq dastan və nağıllarında geniş yayılıb və kollektiv yaddaşda metaforik-simvolik mahiyyətə malikdir. Folklor İnstitutunun direktoru çıxışında onu da vurğulayıb ki, Üzeyir Hacıbəylinin yaradıcılığında folklor təkcə motiv, süjet və musiqi qaynağı kimi deyil, həm də etnomədəni kod və simvolik məna daşıyıcısı kimi çıxış edir. Obrazlararası dialoqdan musiqi ritminə, dramatik konstruksiyadan ideoloji alt qatadək hər bir təbəqədə milli-mədəni kodların açıq və ya gizli formada bədii təzahürünü izləmək mümkündür.
Sonda Hikmət Quliyev vurğulayıb ki, Üzeyir Hacıbəyli yaradıcılığı təkcə musiqi tariximizdə deyil, ümumilikdə Azərbaycan mədəniyyətində yüksəliş, transformasiya və mədəni özünüdərk dövrünün ən mühüm simvollarından biridir. O, keçmişlə gələcək, ənənə ilə modernlik arasında inteqrasiya və sintezin nümunəsini kimi diqqəti cəlb edir.
Tədbir konsert proqramı ilə davam edib.