media-s-l1200

Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynaya təhlükəsizlik zəmanəti verən ölkələr sırasına qoşula biləcəyini açıqlayıb.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya bildirib ki, Kiyevin Hindistana ünvanladığı bu çağırış təsadüfi deyil və Yeni Dehlinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində artan diplomatik fəallığı ilə bağlıdır.

Elxan Şahinoğlunun sözlərinə görə, Zelenski Hindistanın televiziya kanallarından birinə müsahibəsində Ukraynanın təhlükəsizlik zəmanətində maraqlı olduğunu və bu məqsədlə Çin və Türkiyəyə də müraciət etdiyini bildirib. Ukrayna prezidenti Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələr siyahısına qoşulmasını istədiyini vurğulayıb və qeyd edib ki, Hindistan dünyanın qüdrətli dövlətlərindən biridir, onun belə bir prosesdə iştirakı bütün tərəflər üçün faydalı ola bilər.

Elxan Şahinoğlu hesab edir ki, Hindistanın son dövrlərdə Ukrayna məsələsində mövqeyi əvvəlki dövrlə müqayisədə daha fəal xarakter alıb. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın Kiyevə səfəri zamanı ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşündə sülhün əldə olunması üçün beynəlxalq səylər, Qara dənizdə təhlükəsizlik və ikitərəfli münasibətlər müzakirə olunub.

Siyasi şərhçi qeyd edib ki, Yeni Dehli artıq yalnız ümumi sülh çağırışları ilə kifayətlənmir, Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələri də intensivləşdirir. Hindistanın Baş naziri Narendra Modi də Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində müharibənin dayandırılmasının vacibliyini açıq şəkildə ifadə edib.

Elxan Şahinoğlu bildirib ki, Narendra Modinin mövqeyi xüsusilə diqqət çəkir. Modi 2024-cü ildə Moskvada Putinlə görüşündə bombaların, silahların və güllələrin işləndiyi şəraitdə sülh danışıqlarının uğurlu ola bilməyəcəyini demişdi. Daha sonra Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Putinlə görüşündə də müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, Yeni Dehlinin fəallığının mühüm səbəblərindən biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsidir. Hindistanı Türkiyə kimi Qara dənizdə ticarət gəmilərinin raket və dron hücumları ilə üzləşməsi, taxıl və enerji daşıyıcılarının təhlükəsizliyi məsələsi narahat edir. Bu səbəbdən Yeni Dehli həm Kiyev, həm də Moskva ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi barədə müzakirələr aparır.

Elxan Şahinoğlu vurğulayıb ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da müxtəlif ölkələrdən, o cümlədən Hindistandan təhlükəsizlik məsələləri ilə bağlı təkliflər aldığını təsdiqləyib. Sibiqanın sözlərinə görə, Hindistanın təklifi ən əhatəli təkliflərdən biridir. Yeni Dehli enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, həmçinin Qara dənizdə vəziyyətlə bağlı razılaşmaların əldə olunmasını istəyir.

Siyasi şərhçinin qənaətinə görə, Hindistanın Moskva və Kiyevlə paralel məsləhətləşmələri Yeni Dehlinin mümkün vasitəçi rolunu gücləndirə bilər. Rusiya da Hindistanın bu istiqamətdəki səylərinə mənfi yanaşmır. Vladimir Putin daha əvvəl Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərini qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər kimi qiymətləndirib.

Bununla belə, Elxan Şahinoğlu hesab edir ki, Hindistanın diplomatik fəallığı hələ Moskva ilə Kiyev arasında konkret razılaşmanın əldə olunması demək deyil. Rusiya Prezidenti Hindistanın təkliflərini müsbət qiymətləndirsə də, Moskva bu təşəbbüslərin reallaşdırılması istiqamətində tələsmir. Hindistanın xarici işlər nazirinin də Moskva ilə Kiyev arasında Yeni Dehlinin təklifləri əsasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamaması bunu göstərir.

Elxan Şahinoğlunun fikrincə, Zelenskinin Hindistanı təhlükəsizlik zəmanətləri prosesinə cəlb etmək istəyi Yeni Dehlinin diplomatik imkanlarının Kiyev tərəfindən də qəbul edildiyini göstərir. Hindistan bundan sonra həm Rusiya, həm də Ukrayna ilə təmaslarını davam etdirərək Qara dənizdə təhlükəsizlik, enerji və liman infrastrukturu, eləcə də ümumi sülh danışıqları məsələlərində daha fəal mövqe tuta bilər.

Vural


media-adspc

Bənzər xəbərlər