media-editor_fa06c4dd1dc32f2bce95447d94508996_nlz2w4ueb3jvxa6hi09g-768x403

Rəqəmsal yuan (e-CNY) qlobal maliyyə sistemində yeni güc balansının formalaşmasına təsir edən əsas alətlərdən biri kimi diqqət çəkir.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, bu sistem sadəcə texnoloji yenilik deyil, Çin tərəfindən qurulan strateji maliyyə platformasıdır.

Onun sözlərinə görə, Pekin uzun illərdir dollar mərkəzli sistemdə qalmaq əvəzinə, öz qaydalarını müəyyən edən alternativ mexanizm formalaşdırmağa çalışır.

Ekspert qeyd edir ki, beynəlxalq ticarətin böyük hissəsi hələ də dollar üzərindən həyata keçirilsə də, bu vəziyyət eyni zamanda siyasi təsir alətinə çevrilib. Çin isə birbaşa qarşıdurmaya getmədən, paralel sistem qurmaq yolu ilə mövcud maliyyə nizamını zəiflətməyə çalışır. Rəqəmsal yuan bu strategiyanın əsas sütunu kimi çıxış edir.

Eylem Okumuş vurğulayır ki, İran kimi sanksiyalar altında olan ölkələr üçün bu yeni sistem artıq seçim deyil, zərurətə çevrilib. Xarici maliyyə kanallarının məhdudlaşması alternativ ödəniş mexanizmlərini ön plana çıxarır. Çinlə İran arasında mövcud olan enerji və texnologiya əsaslı ticarət əlaqələri də bu keçidi sürətləndirir.

Onun fikrincə, Hörmüz boğazı artıq təkcə enerji daşımalarının deyil, həm də yeni maliyyə mexanizmlərinin sınaqdan keçirildiyi strateji nöqtəyə çevrilib. İranın enerji ticarətində rəqəmsal yuan istifadəsini genişləndirməsi dollar əsaslı sistemə qarşı səssiz, lakin dərin təsir yaradır.

Ekspert hesab edir ki, dollar hələ də qlobal səviyyədə dominant mövqeyini qorusa da, onun dayaqları tədricən zəifləyir. “Qaydalar dəyişməzdən əvvəl sistem daxilində təsir gücü azalır və bu dəyişikliklər çox vaxt hiss olunmadan baş verir,” – deyə o əlavə edib.

Sonda Eylem Okumuş qeyd edir ki, hazırda baş verən proseslər zahirən sakit görünsə də, əslində qlobal maliyyə sisteminin strukturunda ciddi dəyişikliklərə yol açır. Onun sözlərinə görə, gələcəkdə mövcud sistemin formal olaraq qalmasına baxmayaraq, mahiyyət etibarilə artıq fərqli bir maliyyə düzəni formalaşmış olacaq.


media-adspc

Bənzər xəbərlər