Hörmüzə "alternativ dəhliz" PLANLARI: Ekspertdən kritik açıqlama - ÖZƏL
Yaxın Şərqdə enerji marşrutları və Hürmüz boğazının əhəmiyyəti ətrafında müzakirələr yenidən intensivləşib. Regional və qlobal aktorların “alternativ dəhliz” planları isə hələ də ciddi suallar doğurur.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya özəl açıqlamasında bildirib ki, ABŞ-nin regiondakı strategiyası tez-tez Hörmüzün əhəmiyyətini azaltmaq və alternativ marşrutlar yaratmaq üzərindən təqdim olunsa da, sahədəki reallıqlar bu planların tətbiqini çətinləşdirir.
Onun sözlərinə görə, İsrail limanları və Türkiyənin enerji infrastrukturu texniki baxımdan müəyyən dəstək verə bilər, lakin bütün sistemin tək bir alternativ marşrut üzərindən təhlükəsiz və fasiləsiz işləməsi mövcud geosiyasi şəraitdə demək olar ki, mümkün deyil. “Regionda çoxsaylı aktorların maraqları toqquşur və bu, istənilən alternativ dəhlizin dayanıqlığını ciddi şəkildə sual altına alır”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, BlackRock kimi iri maliyyə institutları investisiya və risk idarəetməsi baxımından rol oynaya bilsə də, maliyyə dəstəyi siyasi və diplomatik maneələri aradan qaldırmaq üçün kifayət etmir.
Eylem Okumuş həmçinin qeyd edib ki, Trampın son dövrlərdəki sərt açıqlamaları regionda təzyiqi artırsa da, bu, alternativ dəhliz planlarının real və işlək strategiya olduğunu göstərmir. Əksinə, bu cür bəyanatlar mövcud siyasi və diplomatik risklərin dərinliyini ortaya qoyur.
Sonda ekspert vurğulayıb ki, texniki baxımdan bəzi elementlər mümkün görünsə də, regional gərginliklər, çoxaktorlu struktur və qeyri-müəyyənliklər səbəbindən bu planlar hələlik praktik strategiyaya çevrilə bilməyib. Onun fikrincə, Hürmüz boğazı hələ də qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətini qoruyur, alternativ dəhlizlər isə hələlik nəzəri müzakirə səviyyəsində qalır.









