Horovluda “Qurban Yarmarkası – Bərəkət Festivalı” - FOTO
Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib.
ERAmedia xəbər verir ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, uşaqlar üçün əyləncə zonaları fəaliyyət göstərib. Həmçinin milli mətbəx nümunələri, canlı musiqi proqramı təqdim olunub.
Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTİ) dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil edilib. Qurbanlıq heyvanların sağlam və təhlükəsiz şəraitdə satışının və kəsiminin təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini də təmin edib.










