media-whatsapp-image-2026-10-23-at-16-26-54

Professor doktor, təhsil eksperti Bəxtiyar Nəcəfov əmək bazarının dəyişən tələblərindən, humanitar ixtisasların perspektivlərindən və süni intellektin gələcək peşələrə təsirindən danışıb.

Son illərdə dünyada və Azərbaycanda əmək bazarının tələbləri dəyişir. Ənənəvi ixtisasların bir qismində iş imkanları daralır, rəqəmsallaşma və texnoloji yeniliklər isə yeni bacarıqlara ehtiyacı artırır.

Professor doktor, təhsil eksperti Bəxtiyar Nəcəfov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsilin əsas problemlərindən biri universitetlərdə verilən nəzəri biliklərlə işəgötürənlərin tələb etdiyi praktik bacarıqlar arasındakı uyğunsuzluqdur.

Onun sözlərinə görə, tələbənin universitetdə nəzəri bilik əldə etməsi, imtahanlardan keçməsi və diplom alması əmək bazarında uğur qazanması üçün təkbaşına kifayət etmir. İşəgötürənlər məzunlardan konkret problemləri həll etməyi, müasir proqramlarla işləməyi, layihələrdə iştirak etməyi və nəticəyə görə məsuliyyət daşımağı gözləyirlər.

Ekspert qeyd edib ki, Milli Observatoriyanın 2025-ci ilin aprelində açıqladığı, əvvəlki iki ili əhatə edən 25 678 vakansiyanın təhlilinə əsasən, elanların 76,2 faizində iş təcrübəsi tələb olunub. Bu göstərici tələbələrin ali təhsil müddətində real iş təcrübəsi qazanmasının əhəmiyyətini ortaya qoyur.

Bəxtiyar Nəcəfov hesab edir ki, universitetlərlə işəgötürənlər arasında əməkdaşlıq formal razılaşmalarla məhdudlaşmamalıdır. İşəgötürənlər tədris proqramlarının yenilənməsində iştirak etməli, tələbələr real müəssisə problemləri üzərində işləməli, buraxılış layihələri isə istehsalat və xidmət sektorunun ehtiyaclarını nəzərə almalıdır.

O, ali təhsil müəssisələrinin innovasiya, sahibkarlıq və bilik transferi sahəsində rolunun gücləndirilməsini də vacib sayır. Ekspertin fikrincə, universitetlərdə əldə edilən biliklərin iqtisadi və ictimai faydaya çevrilməsi ali təhsilin inkişafında mühüm istiqamətlərdən biri olmalıdır.

Hansı ixtisaslarda iş tapmaq daha çətin ola bilər?

Təhsil eksperti konkret ixtisasları müqayisəli məşğulluq göstəriciləri olmadan bütövlükdə perspektivsiz adlandırmağın düzgün olmadığını bildirib.

Onun fikrincə, əsas risk rutin sənədləşmə, standart mətnlərin hazırlanması, sadə məlumatların daxil edilməsi və təkrarlanan inzibati əməliyyatlarla məhdudlaşan işlərdə artır. Generativ süni intellektin inkişafı bu tip tapşırıqların bir qisminin avtomatlaşdırılmasını sürətləndirir.

Bəxtiyar Nəcəfov vurğulayıb ki, humanitar, sosial və idarəetmə istiqamətlərində təhsil alan, lakin xarici dil, analitik düşüncə və rəqəmsal bacarıqlarını inkişaf etdirməyən məzunların iş imkanları məhdudlaşa bilər.

Eyni vəziyyət texniki ixtisaslara da aiddir. Məsələn, laboratoriya avadanlıqları ilə işləmək bacarığı olmayan mühəndisin və real layihələrdə iştirak etməyən proqramçının yalnız diplom əsasında əmək bazarında rəqabət aparması çətinləşir.

Ekspertin qənaətinə görə, ali təhsil sistemində yalnız ixtisas siyahılarının yenilənməsi deyil, tədris məzmununun, praktiki hazırlığın və biliklərin qiymətləndirilməsi üsullarının da dəyişdirilməsi vacibdir.

Humanitar ixtisaslar əmək bazarında öz əhəmiyyətini itirirmi?

Bəxtiyar Nəcəfovun sözlərinə görə, süni intellektin inkişafı bütün humanitar ixtisasların sıradan çıxacağı anlamına gəlmir. Əsas dəyişiklik həmin sahələrdə çalışan mütəxəssislərdən gözlənilən bacarıqların yenilənməsi ilə bağlıdır.

O bildirib ki, filologiya məzunları yalnız standart mətn yazmaq və sadə tərcümə ilə kifayətlənməməli, redaktə, terminologiya, lokallaşdırma, dil texnologiyaları və süni intellektin hazırladığı mətnlərin keyfiyyətinin yoxlanılması kimi istiqamətlərdə də biliklərini artırmalıdırlar.

Jurnalistika sahəsində də hazır məlumatların yenidən yazılması ilə məhdudlaşan fəaliyyətin avtomatlaşdırma təzyiqi ilə üzləşdiyini bildirən ekspert araşdırma, mənbələrin yoxlanılması, müsahibə, məlumatların təhlili və hadisələrin ictimai əhəmiyyətinin izah edilməsinin peşəkar jurnalist üçün mühüm bacarıqlar olaraq qaldığını qeyd edib.

Onun fikrincə, beynəlxalq münasibətlər ixtisasını seçən gənclər xarici dillərə, regional ixtisaslaşmaya, iqtisadi və siyasi təhlilə, tədqiqat metodlarına və analitik hesabat hazırlamaq bacarığına yiyələnməlidirlər.

Tarix və kitabxanaçılıq kimi sahələrin də artıq ehtiyac olmayan ixtisaslar kimi təqdim edilməsini düzgün hesab etməyən Bəxtiyar Nəcəfov bu istiqamətlərin rəqəmsal arxivlər, elektron informasiya sistemləri, məlumatların təsnifatı və rəqəmsal humanitar tədqiqatlarla əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

Hüquq və psixologiya sahələrində də texnologiyanın yaratdığı yeni imkanlara toxunan ekspert bildirib ki, süni intellekt müəyyən tapşırıqları avtomatlaşdıra bilsə də, peşə etikası, qərarlara görə məsuliyyət, hüquqların qorunması və insan davranışının təhlili kimi məsələlər öz əhəmiyyətini saxlayır.

Gələcəyin perspektivli peşələri hansılardır?

Təhsil eksperti yaxın 5–10 il üçün konkret və dəyişməz ixtisas siyahısı təqdim etməkdənsə, əmək bazarında əhəmiyyətinin artması gözlənilən istiqamətlərə diqqət yetirməyin daha düzgün olduğunu bildirib.

Onun fikrincə, Azərbaycanda gələcək kadr tələbatı texnoloji inkişafla yanaşı, investisiyalardan, iqtisadiyyatın strukturundan, müəssisələrin rəqəmsallaşmasından və dövlət siyasətindən asılı olacaq.

Bəxtiyar Nəcəfov yaxın illərdə xüsusilə aşağıdakı istiqamətlərin əhəmiyyət daşıyacağını qeyd edib:

* Kibertəhlükəsizlik və rəqəmsal infrastruktur: şəbəkələrin qorunması, bulud sistemlərinin təhlükəsizliyi, kibertəhlükələrə cavab və təhlükəsiz proqram təminatının hazırlanması.

* Data analitikası və süni intellekt: məlumatların toplanması, keyfiyyətinin yoxlanılması, statistik təhlili və real problemlərin həllində tətbiqi.

* Proqram təminatı mühəndisliyi: sistemlərin layihələndirilməsi, təhlükəsizlik, sınaq və proqramların davamlı işlək vəziyyətdə saxlanılması.

* Səhiyyə və səhiyyə texnologiyaları: tibb bacılığı, reabilitasiya, biotibbi mühəndislik, səhiyyə informatikası və tibbi məlumatların idarə edilməsi.

* Energetika və istehsalat texnologiyaları: avtomatlaşdırma, ekoloji mühəndislik, bərpaolunan enerji və texniki sistemlərin idarə olunması.

Ekspert vurğulayıb ki, əmək bazarının gələcəyini yalnız kompüter qarşısında görülən işlərlə məhdudlaşdırmaq olmaz. İstehsalat proseslərini idarə edən, avadanlıq quraşdıran, texniki nasazlıqları aradan qaldıran və müasir texnologiyaları tətbiq edən mütəxəssislərə də ehtiyac olacaq.

O, həmçinin ən çox vakansiya olan sahə ilə ən yüksək əməkhaqqı təklif edən sahənin eyni olmadığını xatırladıb. Milli Observatoriyanın 2025-ci il üzrə təhlilində satış təmsilçiləri, mühasiblər və satınalma-təchizat mütəxəssisləri tələb olunan kadrlar arasında göstərilib. Ən yüksək orta əməkhaqqı müəyyən edilən istiqamətlər sırasında isə İKT, mühəndislik, proqramçılıq və layihə idarəçiliyi yer alıb.

Bəxtiyar Nəcəfovun fikrincə, ən səmərəli yanaşma müəyyən sahə üzrə dərin bilikləri həmin sahəyə uyğun texnologiyalarla birləşdirməkdir. Məsələn, kimyaçı üçün hesablama metodları, bioloq üçün bioinformatika, mühəndis üçün isə modelləşdirmə və avtomatlaşdırma bacarıqları getdikcə daha əhəmiyyətli ola bilər.

İxtisas seçimində yalnız əməkhaqqına əsaslanmaq düzgündürmü?

Ekspert hesab edir ki, abituriyentlər ixtisas seçərkən şəxsi maraqlarını, bacarıqlarını və əmək bazarının tələblərini birlikdə qiymətləndirməlidirlər.

Onun sözlərinə görə, yalnız yüksək qazanc vədinə əsaslanan seçim də, gələcək fəaliyyət imkanlarını araşdırmadan verilən qərar da problemlə nəticələnə bilər. Valideynlərin təcrübəsi və dəstəyi əhəmiyyətli olsa da, gəncin maraqları və fərdi qabiliyyətləri nəzərə alınmalıdır.

Bəxtiyar Nəcəfov abituriyentlərə seçmək istədikləri peşənin gündəlik iş xüsusiyyətlərini araşdırmağı, həmin sahədə çalışan mütəxəssislərlə danışmağı və vakansiyalarda tələb olunan bacarıqlarla tanış olmağı tövsiyə edib.

O bildirib ki, universitet seçərkən də yalnız ali təhsil müəssisəsinin nüfuzuna deyil, tədris proqramına, laboratoriya imkanlarına, təcrübə tərəfdaşlarına və məzunların məşğulluq göstəricilərinə diqqət yetirmək lazımdır.

Bu baxımdan Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platformasının da faydalı məlumat mənbəyi olduğunu qeyd edən ekspert gənclərin universitetlər və ixtisaslar üzrə məşğulluq göstəricilərini müqayisə edə biləcəklərini bildirib.

Universitet illərində hansı bacarıqları qazanmaq lazımdır?

Bəxtiyar Nəcəfovun fikrincə, əmək bazarında rəqabətədavamlı olmaq üçün tələbələr ixtisas bilikləri ilə yanaşı xarici dil, məlumatlarla işləmək, təqdimat, komanda işi və problem həll etmək bacarıqlarını da inkişaf etdirməlidirlər.

O, süni intellekt alətlərindən istifadəni vacib hesab etsə də, onların təqdim etdiyi nəticələri yoxlamağın, səhvləri müəyyənləşdirməyin və məxfi məlumatlarla məsuliyyətli davranmağın zəruriliyini xüsusi vurğulayıb.

Ekspert qeyd edib ki, hər kəsin proqramçı olması tələb olunmur, lakin hər bir tələbə öz sahəsinə uyğun rəqəmsal alətlərdən istifadə etməyi bacarmalıdır. Kimya tələbəsi məlumatların emalı və molekulyar modelləşdirməni, iqtisadiyyat tələbəsi statistik təhlili, jurnalistika tələbəsi məlumat jurnalistikasını, mühəndis isə layihələndirmə və simulyasiya proqramlarını öyrənə bilər.

Onun sözlərinə görə, işəgötürənlər üçün tələbənin yalnız sertifikatları deyil, hazırladığı layihələr, apardığı araşdırmalar, həll etdiyi problemlər və qazandığı real təcrübə də əhəmiyyətlidir.

Bəxtiyar Nəcəfov bununla yanaşı, məsuliyyətin yalnız tələbənin üzərinə qoyulmamalı olduğunu bildirib. Universitetlər də gənclərə praktik bacarıqlar qazanmaq üçün şərait yaratmalı, ənənəvi mühazirə və əzbərləməyə əsaslanan tədrisi real tapşırıqlar, tədqiqatlar və layihələrlə tamamlamalıdırlar.

Ekspertin qənaətinə görə, gələcəyin əmək bazarında uğur qazanmaq üçün gənclər maraq və bacarıqlarına uyğun ixtisas seçməli, həmin sahənin real tələblərini öyrənməli və ali təhsil illərini praktik hazırlığa sərf etməlidirlər. Dəyişən texnoloji şəraitdə bilikləri tətbiq etmək, yeni alətlər öyrənmək və yeniliklərə uyğunlaşmaq bacarığı məzunun əsas üstünlüklərindən birinə çevrilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər