media-d5aba6d7-428b-4450-ae6a-8efa03d2bfcc

Bu günkü beynəlxalq münasibətləri belə təsvir etmək olar – köhnə düzən tam dağılmayıb, ancaq elə həddə kimi dağılıb ki, onu əvvəlki formasına qaytarmaq artıq mümkün deyil, yeni düzənin isə hələ hansısa əlamətləri üzə çıxmayıb. Beləcə, qeyri-müəyyən bir dövr üçün dünya haça-paça vəziyyətində qalacaq. Yaxşı görüntü deyil, ancaq biz onu yaratmamışıq. Müqəssirlər başqa qüvvələrdir.

Haça-paça dünyada əksər dövlətlər üçün təhlükə böyükdür və aydındır. Çünki beynəlxalq hüquq çöküb, onun təməl prinsipləri ayaqlar altına atılıb. Ukraynanı göz önünə gətirək. Torpaqları işğal olunub, bu az imiş kimi bir zamanların “hüquq və ədalət qalası kimi” görünməyə çalışan ABŞ prezidenti üstəlik Ukraynanı ərazi itkisi ilə barışmağa məcbur edir. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin güclə dəyişdirilməsinin yolverilməzliyi kimi prinsiplərin dəyəri qalmayıb. Güc tətbiq etməmə və güc tətbiqi ilə hədələməmə prinsipləri də bir heçə dönüb. Cənab Tramp İsrailin şəksiz təcavüzünə açıq dəstək verirsə, Netanyahunun başını sığallayırsa, Venesuelanın üstünə donanma tökürsə, bundan sonra kimə demək olar ki, “başqa dövlətə güc tətbiq eləmə”?!…

İndi istənilən ölkənin ərazi bütövlüyü və suverenliyi risq altındadır. Sadəcə risq dərəcələrində fərq ola bilər. Heç bir ölkə təcavüz təhlükəsindən tam sığortalı deyil. Yetər ki, kimsə geosiyası kombinasiyalarda kiçik səhvə və ya ehtiyatsızlığa yol versin. Həmən xarici təcavüzün və ya təzyiqin qurbanı olacaq. Ya siyasi diplomatik, ya iqtisadi-maliyyə sanksiyası, ya ticarət tarifləri, ya da açıq hərbi təcavüz…

Bu mənada hər bir dövlət üçün müasir reallıqlar şəraitində özünün nisbətən ən etibarlı təhlükəsizlik təminatlarını axtarmaq həyatı zərurətə çecrilir. Prezident İlham Əliyevin Yeni il təbrikində bu fikrinə tam önəm vermək lazımdır – dünyada beynəlxalq hüquq işləmir, biz müharibəyə hazırlaşmırıq, müharibə bizim üçün çevrilmiş səhifədir, lakin hərbi gücümüzü fasiləsiz artırmalıyıq və bunu edirik. Prezidentin məntiqi dəqiqdir – dünyanın nizam tərəzisi pozulubsa, dövlətin təhlükəsizliyinin ən güclü təminatçısı onun ordusudur. Çox yaxşı mesajdır. “Kimsənin üzərinə hücuma hazırlaşmırıq, ancaq kimsələrdən hücum olacağını da istisna etmirik”…

2020-ci ildən sonra 5 il ərzində Azərbaycanın böyük uğurlarından biri Zəfəri dünyaya qəbul etdirmək, tanıtmaq oldu. Bu, ona görə böyük hədəf sayılır ki, dünya nizamının pozulduğu, prinsip və dəyərlərin ayaqlar altına atıldığı, haqq-ədalətin olmadığı şəraitdə əldə olunub. Baxın, dünyanın bir tərəfində dövlətlərin suveren bütövlük hüququ kobud şəkildə pozulur, bu biri tərəfində isə Azərbaycan hamıya qəbul və etiraf etdirir ki, xarici təcavüzə son qoyaraq suverenliyimizi və ərazi bütövlüyümüzü təmin etmişik.

Prezident İlham Əliyevin Yeni il təbrikində bu nüans da altından cızılmış xətlə təqdim olundu. “Vətən müharibəsindən sonra Zəfərimizin dünya birliyi tərəfindən qəbul olunmasına nail olduq”…

Azərbaycanın dövlət olaraq ən böyük vəzifəsi hərbi potensialını daim və fasiləsiz olaraq zamana bağlamadan artırmaqdır.

Ukrayna müharibəsinin nə vaxt bitəcəyi bilinmir. Dünyanın Ukrayna müharibəsindən əvvəlki kimi olmayacağı isə şübhəsizdir. Bəs yeni düzən necə olacaq? Bu da indidən məlum deyil. Ancaq köhnə dünyanın suverenlik və ərazi bütövlüyü kimi prinsplərinə yenə də üstünlük veriləcəyi real deyil. Yeni dünya düzəninin bunlardan çox fərqli yeni prinsipləri olmalıdır… Hansı prinsiplər?..

Bunu gələcək göstərəcək. Lakin yeni dünya düzənini nə BMT-nin, nə NATO-nun, nə KTMT-nin, nə də Avropanın orduları yazacaq. Yeni dünya qaydalarını ilk növbədə ayrı- ayrı ölkələrin Milli Orduları yazacaq. Azərbaycan ordusunu dayanmadan gücləndirməliyik. Millətimizin gələcəyi buna bağlıdır…

Aydın QULİYEV

 

 


media-adspc

Bənzər xəbərlər