“İçərişəhər” stansiyası yaxınlığında işlərə start verilib
“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasının yaxınlığında – Dövlət İdarəçilik Akademiyasının qarşısında inşa ediləcək yeni dalan qatarlar arasında intervalın azaldılmasına şərait yaradacaq, layihənin reallaşdırılması sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək.
Bunu ERAmedia-ya səhmdar cəmiyyətdən bildiriblər.
“İşlər elə şəkildə planlaşdırılıb ki, stansiyanın fəaliyyətinə və sərnişin təhlükəsizliyinə təsir göstərməsin. Qatarlar əvvəlki kimi “İçərişəhər” stansiyasına daxil olub sərnişinləri daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir. Bu, metro üçün çox vacib məsələdir, çünki gələcəkdə xətlərin ayrılması ilə əlaqədar intervalın azaldılması böyük əhəmiyyət kəsb edəcək”, – deyə o qeyd olunub.
Əlavə edilib ki, inşaat sahəsi stansiyanın qala istiqamətində deyil, əks tərəfdə yerləşəcək: “Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə, sərnişin axınına heç bir təsir etməyəcək. Stansiyanın yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət planlaşdırılmır. Növbəti ildən inşaat işlərinin intensiv şəkildə aparılması gözlənilir”.
Polad Poladlı










