media-ads-728x90
media-17555862022660926063_1200x630
media-ads-728x90

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb. Artıq sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.

Bu barədə  ERAmedia-ya Qoruq İdarəsindən məlumat verilib.

Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf
Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.

Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev-muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.

Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.

Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edir.

İçərişəhərin tarixi gözəlliklərini kəşf etmək və ekoloji təmiz nəqliyyat rahatlığını yaşamaq üçün hər kəs yeni qolfkar-avtobus xidmətindən yararlana bilər.

media-17555862024875921043_1200x630 media-17555862023698414516_1200x630 media-1755586202204994289_1200x630


media-ads-728x90

Bənzər xəbərlər